Ölkə

Novruz şənliyi Nizami rayonunun sakinlərinə xoş ovqat bəxş edib

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Martın 19-da Bakının Nizami rayonundakı Heydər Bağı – Park Bulvarda Novruz şənliyi keçirilib. Mərasimdə rayonun ərazisindəki məktəblərin, bağçaların, məktəbdənkənar müəssisələrin və uşaq yaradıcılıq mərkəzlərinin Novruz bayramını tərənnüm edən stendləri nümayiş etdirilib. Stendlərdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan müxtəlif şirniyyatlar da təqdim olunub.


AZƏRTAC

xəbər verir ki, mərasimdə rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov parkın mərkəzində qurulan Novruz tonqalını yandırıb. Bahar qızı “Cəngi” sədaları altında rayon əhalisini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.


Milli geyimli qızlar və oğlanlar tonqalın ətrafında dövrə vuraraq yallı gediblər. Şənlikdə rayondakı ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında şeirlər, mahnılar səslənib, musiqi nömrələri ifa olunub. Rayonun idmançıları öz məharətlərini nümayiş etdirib, Kosa və Keçəlin məzəli oyunları tamaşaçılarda xoş ovqat yaradıb.


Mərasimdə Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivləri də konsert proqramı ilə çıxış ediblər.