Novruz bayramı günlərində qədim Gəncə torpağına edilən səfər məktəblilər üçün unudulmaz anlar yaşadıb
Gəncə, 18 mart,
AZƏRTACAzərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri, Ordubad, Culfa, Babək, Şahbuz, Kəngərli, Şərur və Sədərək rayonlarından olan 30 nəfər şagird Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə martın 18-də Gəncəyə gəldilər.
AZƏRTAC
xəbər verir ki, qonaqpərvərliklə qarşılanan naxçıvanlı məktəblilər şəhərlə tanışlığa “Qoşa Qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksindən başladılar.
Məktəblilər kompleksə gələndə burada Novruz əhval-ruhiyyəsi hökm sürürdü. Gəncənin bədii özfəaliyyət kollektivlərinin çıxışlarına baxdıqdan sonra şagirdlər burada yaradılan muzeylə tanış oldular. Məlumat verildi ki, Gəncə-Bakı magistral yolunun 7-ci kilometrliyində inşa edilən, qədim Gəncə qapılarının eskizləri əsasında hazırlanan kompleks rəmzi xarakter daşıyır. Burada yaradılmış muzeydə qədim daş dövründən XX əsrin əvvəllərinədək aid olan eksponatlara rast gəlmək mümkündür.
Naxçıvanlı məktəblilər kompleksin mərtəbələrini gəzərək eksponatlarla tanış olduqdan sonra dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə gəldilər. Şagirdlərə məqbərənin inşasının tarixi, eləcə də dövlətimizin başçısı İlham Əliyevin şairin 870 illik yubileyinin keçirilməsi barədə imzaladığı Sərəncama uyğun olaraq məqbərə ətrafında görülən işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Sərəncama müvafiq olaraq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi yaradıldıqdan sonra şairin həyat və yaradıcılığının daha dərindən öyrənilməsinə başlanılıb. Dahi şairin dünyanın müxtəlif ölkələrində saxlanılan əlyazmaları Vətənə gətirilərək Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə nəfis şəkildə çap etdirilib. Nizami Gəncəviyə aid olan əşya və çap nüsxələrinin nümayişi üçün məqbərənin qarşısında muzey də inşa olunub.
Məktəblilər muzeylə tanışlıqdan sonra Gəncənin qədim məhəllələrindən olan Cavad xan küçəsində ümumşəhər Novruz şənliklərində iştirak etdilər, şəhər mədəniyyət və turizm idarəsinin, Gəncə Dövlət Dram Teatrı aktyorlarının hazırladıqları bayram səhnələrinə maraqla baxdılar.
Daha sonra Gəncə ilə tanışlıq Şah Abbas məscidində, Cavad xan türbəsində, “Çökək hamam” tarixi memarlıq abidəsində, sakinlərin ən çox istirahət etdikləri Xan bağında davam etdirildi.
Ekskursiya zamanı yeni dostlar qazanan naxçıvanlı məktəblilər Gəncəyə səfərlərindən məmnun qaldıqlarını söylədilər.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin sektor müdiri, tur-aksiyanın qrup rəhbəri Abdulla Əsgərov dedi ki, məktəblilərin Gəncədə gördükləri onlarda xoş təəssürat oyadıb. Novruz bayramı günlərində qədim Gəncə torpağına edilən səfər hər bir məktəbli üçün unudulmaz anlar yaşadıb. Onlar qəzetlərdə, kitablarda oxuduqlarının, televizorda gördüklərinin indi canlı şahididirlər. Bu da onların yaddaşında silinməz izlər qoyacaq.
Martın 19-da naxçıvanlı məktəblilər bölgə ilə tanışlığı Şəmkir və Göygöl rayonlarında davam etdirəcəklər.