Ölkə

Nodulyar dermatit virus xəstəliyi qeydə alınmış bölgələrdə peyvəndləmə işləri yekunlaşmaq üzrədir

Metbuat.az

Bakı, 31 mart, Xalid Məmmədov,

AZƏRTAC

 


Respublikada 35 rayonda iribuynuzlu heyvanlar arasında nodulyar dermatit virus xəstəliyinə qarşı aparılan vaksinasiya tədbirləri yekunlaşmaq üzrədir.


Bu barədə

AZƏRTAC

-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat mərkəzinin rəhbəri Yolçu Həsənov məlumat verib.


Onun sözlərinə görə, xəstəlik qeydə alınmış bölgələrdə fevralın 15-dən etibarən profilaktiki məqsədlə peyvəndləmə işlərinə başlanılıb. Növbəti peyvəndləmə işlərinin isə payızda aparılması nəzərdə tutulur. Hələlik yeni xəstə heyvanlar qeydə alınmayıb və vəziyyət tam nəzarətdə saxlanılır.


Qeyd edək ki, ötən il ölkə baytarları nodulyar dermatit virus xəstəliyinə qarşı səmərəli mübarizə aparıblar. Bu xəstəliyin respublikamızda ilk dəfə qeydə alınmasına və müvafiq təcrübənin olmamasına baxmayaraq, mütəxəssislər virusa yoluxmuş 6040 baş iribuynuzlu heyvandan 5781-ni sağalda biliblər.