Ölkə

Naxçıvanlı məktəblilər Göygöldə

Metbuat.az

Göygöl, 19 mart,

AZƏRTAC

Özünün füsunkar təbiəti, ecazkar mənzərələri ilə göz oxşayan Göygölə səyahət naxçıvanlı məktəblilərdə xoş təəssürat oyatdı. Şəmkirdən sonra bu rayona gələn şagirdlər qabaqcadan müəyyənləşdirilən proqram əsasında rayonla yaxından tanış oldular.


Tur-aksiya Heydər Əliyev parkından başladı. Burada məlumat verildi ki, park rayon sakinlərinin ən çox sevdikləri yerdir. Parkda Heydər Əliyev, Gənclər və Uşaq-Əyləncə mərkəzləri, qapalı və açıq idman meydançaları fəaliyyət göstərir ki, bu da gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar yaradır.


Məktəblilər vaxtilə almanların yaşadıqları və iki əsrdən sonra əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılmış küçələri gəzdilər, sonuncu alman Viktor Klaynın mənzil-muzeyinə baxdılar.


Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyada iştirak edən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Azad kənd orta məktəbinin XI sinif şagirdi Ülvi Məmmədtağızadə

AZƏRTAC

-a öz sevincini belə ifadə etdi: “Gəncənin, Şəmkirin və Göygölün tarixi, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan və mətbuatdan oxumuşdum. İndi gəlib bütün bunları öz gözlərimlə gördüm. Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci isə mənə və qrup yoldaşlarıma bəxş edən Prezidentimiz İlham Əliyev oldu. Onun tapşırığı ilə həyata keçirilən tur-aksiya nəinki biz şagirdlərə bölgələrin tarixi, maddi-mədəniyyət abidələri haqqında bilgi verdi, eyni zamanda, biz özümüzə çoxlu dost da tapdıq. Naxçıvana qayıdandan sonra tanış olduğun uşaqlara məktub yazacağam. Bu imkanı bizə yaradan dövlətimizin başçısına minnətdarlığımızı bildiririk”.