Ölkə

Naxçıvan şagirdləri ölkəmizin dilbər guşəsi olan Qəbələyə səfər etməkdən zövq alıblar

Metbuat.az

Qəbələ, 23 mart, Şahnəzər Bəşirov,

AZƏRTAC

 


Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, martın 17-dən 24-dək Naxçıvan Muxtar Respublikasının rayonlarını təmsil edən IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyalar keçirilir.


AZƏRTAC

xəbər verir ki, Naxçıvan-Bakı-İsmayıllı-Qəbələ-Şəki-Bakı-Naxçıvan marşrutu üzrə tur-aksiyanın iştirakçısı olan Naxçıvan, Ordubad, Şərur, Babək, Culfa, Kəngərli, Şahbuz rayon məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Qəbələnin tarixi abidələri, turizm obyektləri, mənzərəli guşələri, adət-ənənələri, eləcə də son illər inşa edilən sosial obyektləri ilə tanış olublar. Rayon mərkəzində mehribanlıqla qarşılanan tur-aksiya iştirakçılarına Qəbələnin sosial-iqtisadi və mədəni həyatında əldə edilən uğurlar, rayonun coğrafiyası, etnoqrafiyası, əhalisinin məşğuliyyəti haqqında ətraflı məlumat verilib. Rayona səfər edən şagirdlərin üz tutduqları ilk məkan Heydər Əliyev Mərkəzi olub. Mərkəzi ziyarət edən məktəblilər burada Ulu Öndərin həyatını və siyasi fəaliyyətini əks etdirən fotoşəkillər və sənədlərlə tanış olublar. Şagirdlər muzeyin qarşısında kollektiv xatirə şəkili çəkdiriblər. Sonra Vəndam qəsəbəsindəki “Yeddi gözəl” şəlaləsinə böyük həvəslə ekskursiya edən Naxçıvan məktəbliləri gözəl təbiət qoynunda istirahət ediblər, çay içərək mənzərəli guşədə xatirə şəkilləri çəkdiriblər. Şagirdlərə sıx meşəlik və hündür dağlıq ərazidə yerləşən “Yeddi gözəl” şəlaləsi barədə məlumat verilib. Qəbələyə səfər edən şagirdlərin daha çox marağına səbəb olan məkanlardan biri də Nohur gülü olub. Gölün ətrafında gəzintiyə çıxan məktəblilər orada yemək yeyiblər və xatirə şəkilləri çəkdiriblər. Sonra məktəblilər arasında futbol, voleybol və bilyard yarışı keçirilib. Onlara məlumat veilib ki, dəniz səviyyəsindən 700 metr hündürlükdə yerləşən Nohur gölünün ətrafı sıx meşələr və dağlarla əhatə olunub. Uzunluğu 1925 metr, eni 1355 metr, sahəsi 240 hektar olan gölün dərinliyi 24 metr, suyunun həcmi isə 16 milyon kubmetrdir. Nohur gölünə Dəmiraparan və Vəndam çaylarının suyu axır.


Daha sonra Nic qəsəbəsinə səfər edən şagirdlər buradakı “Cotari” Alban kilsəsinə böyük maraqla baxıblar. Onlara məlumat verilib ki, kilsə tarixi baxımdan rayonun ən qədim və əhəmiyyətli abidələrindəndir. Nic qəsəbəsi tolerantlığın kiçik bir modeli hesab edilir. Çünki, bu qəsəbədə müsəlmanlarla xristianlar daim birgə və mehriban şəraitdə yaşayıblar. Həmçinin, şagirdlər Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri ilə də tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi vardır. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur. Tur-aksiyanın iştirakçılarına 900 il Qafqaz Albaniyasının paytaxtı olan və bu gün sürətlə inkişaf edərək Azərbaycanın gözəl şəhərlərindən birinə çevrilən qədim Qəbələ şəhəri barədə geniş məlumat verilib.


Naxçıvan şagirdləri Qəbələyə səfərlərinin sonunda beşulduzlu “Qafqaz Riverside”, “Yeddi Gözəl”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılan müasir turizm infrastrukturu ilə də tanış olublar. Məktəblilər Qəbələyə ekskursiyadan məmnun qaldıqlarını bildiriblər və xoş təəssüratlarla Şəkiyə yola düşüblər.