Ölkə

Muxtar respublikada qarşıdan gələn suvarma mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir

Metbuat.az

Naxçıvan, 5 mart, Rauf Əliyev,

AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi qarşıdan gələn suvarma mövsümünə hazırlıq işlərini sürətlə davam etdirir, hidrotexniki qurğular saz vəziyyətə gətirilir.


AZƏRTAC

xəbər verir ki, gələcəkdə bol məhsulun əldə edilməsi üçün ən mühüm amillərdən olan sahələrin suvarma suyuna tələbatının vaxtında ödənilməsi məqsədi ilə muxtar respublikanın rayon suvarma sistemləri idarələri suvarma şəbəkələrinin mövcud vəziyyətinə nəzarəti gücləndirir və yeni xətlərin çəkilişini davam etdirir.


Təkcə, fevral ayında 34,2 kilometr kanal, 42,3 kilometr ara arxlar, 5,3 kilometr kollektor lildən təmizlənib, 120 metr suvarma və 1,7 kilometr uzunluğunda təzyiqli boru xətləri təmir olunub, 1,9 kilometr yeni suvarma xətti çəkilib. Həmçinin Vayxır sol sahil kanalının altında tikilən mexaniki suvarma şəbəkəsində 47,5 kilometr suvarma xətti, 11,5 kilometr drenaj xətti çəkilib. Hazırda ərazidə işlər davam etdirilir.


     Muxtar respublikadakı bəzi kəndlərin su təminatında və əkin sahələrinin suvarılmasında əsaslı rol oynayan kəhrizlərə də xüsusi diqqət göstərilir. Ötən ay 6 kəhrizdə təmir işləri davam etdirilib, Araz çayında 800 metr, ümumilikdə, muxtar respublikanın yaşayış məntəqələrinə və əkin sahələrinə yaxın çay və selovlarda 2,7 kilometr məsafədə sahilbərkitmə işləri aparılıb. Nasos stansiyaları da istismara hazır vəziyyətə gətirilib, sıradan çıxmış avadanlıqlar yenisi ilə əvəzlənib. Həmçinin ötən ay 38 subartezian quyusu təmir olunub, 2 subartezian quyusu isə bərpa edilib.