Texnologiya
Mobil telefonlar bazarının həcmi 4 faiz artıb
Gartner analitik şirkəti dünyada satılan mobil telefonların sayını açıqlayıb. Apple şirkəti iPhone 6 və iPhone 6 Plus modelləri sayəsində dünyada ikinci telefon istehsalçısı olub.
Ekspertlərin 2014-cü il üçün məlumatına görə, adi mobil telefonların və smartfonların dünya səviyyəsində ümumi satış həcmi 1,88 milyard ədəd təşkil edib ki, bu da bir il əvvəldən 3,9 faiz çoxdur. Müsbət dinamika mobil telefonlara tələbatın müvafiq olaraq 2,8 və 9,1 faiz azaldığı Yaponiya və Qərbi Avropadan başqa bütün regionlarda müşahidə olunub. Mütəxəssislər tədqiqatda azalmanın səbəbini qeyd etmirlər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Samsung Electronics şirkəti nəhəng mobil telefon istehsalçısı olaraq qalsa da, rəqiblərin təzyiqi fonunda Cənubi Koreya istehsalçısının qurğularının satışı azalmağa doğru gedir. 2014-cü ildə dünya istehlakçıları 392,5 milyon Samsung telefonu alıb, halbuki 2013-cü ildə bu göstərici 444,5 milyon təşkil edib. Nəticədə hesabat dövründə istehsalçının bazar payı 24,6 faizdən 20,9 faizədək azalıb. Lakin bu hələ də onun yaxın izləyicilərindən xeyli çoxdur.
Apple ötən ili 191,4 milyon satılmış iPhone modeli ilə başa vurub ki, bu da ümumi həcmdə bazarın 10,2 faizi deməkdir. Bir il əvvəl bu göstərici 8,3 faiz təşkil edib. ABŞ şirkəti Microsoft/Nokia korporasiyasını qabaqlayaraq ikinci iri istehsalçı olub. Bu birləşmiş korporasiya 185,7 milyon satılmış qurğu ilə üçüncü yeri tutub ki, bu da 2013-cü illə müqayisədə 65 milyon telefon azdır. Gartnerin hesablamasına görə, Microsoft/Nokia dünya mobil telefonlar bazarının 9,9 faizinə nəzarət edir.
Nəhəng mobil telefon şirkətləri reytinqində dördüncü yerə Motorola şirkətini satın alan Çinin Lenovo istehsalçısı yüksəlib. 2014-cü il ərzində Lenovo və Motorola markalı satılan telefonların sayı 84 milyon ədədə (ümumdünya göstəricisinin 4,5 faizi) çatıb, halbuki ötən il satış həcmi 66,5 milyon ədəd (3,7 faiz) olub.
Beşinci yeri tutan LG şirkətinin ötənilki payı 2013-cü ildəki 3,8 faizdən 4 faizədək artıb. Cənubi Koreya şirkəti 2014-cü ildə 76,1 milyon telefon satıb. İstehsalçının yaxın izləyicilərində - Huawei və TCL Communication şirkətlərində bu göstərici müvafiq olaraq 70,5 (3,8 faiz) və 64 (3,4 faiz) milyon qurğu təşkil edib. Onlardan sonrakı yerlərdə Xiaomi (3 faiz), ZTE (2,9 faiz), Sony və Micromax (hərəyə 2 faiz) şirkətləri qərarlaşıb, - DailyComm yazır.
Milli.Az