İqtisadiyyat

Misirdə ölkə iqtisadiyyatının dəstəklənməsinə həsr edilmiş “Misirin gələcəyi” adlı beynəlxalq konfrans işə başlayır

Metbuat.az

Qahirə, 13 mart,

AZƏRTAC

Bu gün Misirin Şarm əl-Şeyx kurort şəhərində Misir iqtisadiyyatının dəstəklənməsi və ölkəyə investisiyalar cəlb edilməsi məsələlərinə həsr olunmuş “Misirin gələcəyi” mövzusunda beynəlxalq konfrans işə başlayır. Martın 13-dən 15-dək keçiriləcək konfransda dünyanın 90-dan çox ölkəsini təmsil edən 120 nümayəndə heyəti, o cümlədən 20 ölkədən yüksək səviyyəli nümayəndə heyəti iştirak edəcək.


Gözlənildiyinə görə, bu iqtisadi forumda ölkəmizi Azərbaycan Respublikasının iqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayevin və Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin başçılıq etdiyi nüfuzlu nümayəndə heyəti təmsil edəcək.


Tədbirin təşkilatçılarının verdiyi məlumata görə, Qahirənin hakimiyyət orqanları ümid edirlər ki, bu beynəlxalq forum ölkəyə investisiyalar cəlb etməyə, iri layihələri gerçəkləşdirməyə imkan verəcək və beləliklə, ölkə iqtisadiyyatının dirçəldilməsinə şərait yaradacaq.


İqtisadi forumu Misir Prezidenti Əbdülfəttah əs-Sisi açacaq. Konfrans ərəfəsində Prezident Əbdülfəttah əs-Sisi “İnvestisiyalar haqqında” qanuna sahibkarlara ciddi güzəştlər tətbiq edilməsini və onların fəaliyyətinin asanlaşdırılmasını nəzərdə tutan düzəlişləri təsdiq edib. Yeni sənədin mühüm bəndlərindən biri Misirdə “bir pəncərə” sisteminin yaradılması və investisiya layihələrinin qeydiyyatının sürətləndirilməsi ilə bağlıdır.


Qeyd etmək lazımdır ki, Misirin hakimiyyət orqanları konfransın keçiriləcəyi yerdə çox ciddi təhlükəsizlik tədbirləri görürlər.


Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə