İqtisadiyyat

“MINI” avtomobillərinin Azərbaycanda ilk rəsmi satış və sərgi salonu açılıb

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

BMW AG konserni martın 13-də “MINI” avtomobillərinin Azərbaycanda ilk rəsmi satış və sərgi salonunu açıb.


AZƏRTAC

xəbər verir ki, salon Bakı şəhəri, A.Əlizadə küçəsi, 5 ünvanında yerləşir. Mərkəz “Improtex Motors” şirkətinin rəhbərliyi altında fəaliyyət göstərəcək.


“Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov bildirib ki, sahəsi 300 kvadratmetr olan “MINI Bakı” satış və sərgi salonu 5 avtomobil tutumuna malikdir. Yeni salon Britaniya brendinin dünya standartlarına tam uyğun şəkildə hazırlanıb. Burada avtomobillərin sifarişi üçün bütün şərait yaradılıb. Bu avtomobillər hələ 4-5 il bundan əvvəl Azərbaycana gətirilməyə başlayıb. Son dövrlər bu avtomobillərə marağın artdığının şahidi oluruq. H.İsmayılov qeyd edib ki, salondan ilk avtomobil alan müştəriyə bu ilin aprel-may aylarında 2000-2500 manat məbləğində xüsusi hədiyyə paketi təklif olunacaq. Qiymətlər 25 min manatdan başlayır və zəmanət müddəti iki ildir. Müştərinin istəyinə əsasən zəmanət müddəti 5 ilədək artırıla bilər.


BMW və “MINI” brendlərinin Afrika, Karib adaları və Şərqi Avropa regionlarında satış üzrə direktoru Konrad Baumqartner məlumat verib ki, şirkət bu ilin yanvarında çox sayda maşın satıb ki, bu da ötən illə müqayisədə 20 faiz artım deməkdir. Son iki ayda 37 min avtomobilin satışı qeydə alınıb. Bu, ötən illə müqayisədə 18 faiz çoxdur. Ötən il Oksfordda yerləşən zavodumuzdan üç milyonuncu maşın buraxılıb.


Sonra iki model – “MINI Cooper” və yenilənmiş “MINI Countryman” avtomobillərinin təqdimatı keçirilib. Bildirilib ki, “MINI Cooper” modelinin debütü ötən ildə başlayıb və avtomobil öz sinfinə görə “2014-cü ilin ən cazibədar avtomobili” adına layiq görülüb. “MINI Countryman” krossoveri 2010-cu ildə dünya bazarına təqdim olunub və avtomobil bu il 4-cü nüfuzlu Dakar yarışmasının qalibi olub.