İqtisadiyyat

Milli QHT Forumu JTI şirkətinin dəstəyi ilə Lerikdə su təchizatı layihəsi həyata keçirib

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Azərbaycan Milli QHT Forumu (MQF) Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin maliyyə dəstəyi ilə Lerik rayonunda icra edilən su təchizatı layihəsi həyata keçirib.


JTI şirkətinin Azərbaycandakı nümayəndəliyindən

AZƏRTAC

-a bildiriblər ki, layihənin məqsədi Lerik rayonun Cəngəmiran kənd sakinlərini içməli su ilə təmin etmək üçün subartezian quyusunun qazılması və subartezian sisteminin müvafiq qaydada quraşdırılması idi.


Əhalisi 2000 nəfər olan Cəngəmiran kəndi qədim tarixə malikdir, kənddə məktəb və uşaq bağçası var. Əvvəllər, ətrafda digər su mənbələri olmadığı üçün əhali bir neçə kilometr yol qət edib, su əldə edirdi. Həyata keçirilmiş layihədən sonra isə bu problem aradan qaldırılır, sakinlər daimi və təhlükəsiz su ilə təmin olunacaqlar.


Layihənin yekunlaşması ilə bağlı keçirilən mərasimində forumunun prezidentinin müşaviri Gunel İbrahim MQF-nin fəaliyyəti barədə məlumat verərək, maliyyə dəstəyinə görə JTI təşkilatına, yaradılan şəraitə və artezian quyusunun istismarına görə isə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova təşəkkürünü bildirib.


İcra başçısının müavini Habil Məlikov isə MQF və JTI-ın bölgələrə göstərdiyi diqqətə və dəstəyə görə təşəkkür edib.


Qeyd edək ki, bu layihə MQF tərəfindən JTI-ın maliyyə dəstəyi ilə həyata keçirilən ikinci layihədir. 2014-cü ilin aprel ayında Kürdəmir rayonunun Qarasaqqal kəndində də su təchizatı layihəsi uğurla başa çatmışdı, kəndin 1800-ə yaxın əhalisi içməli su ilə təmin edilmişdi. JTI bu il Azərbaycanın içməli suya tələbatın olduğu daha bir bölgəsində belə layihə icra etməyi planlaşdırır.