Mərkəzi Bankdan “Qlobal Pul Həftəsi” (FOTO)
Mərkəzi Bankın Tədqiqatlar və inkişaf mərkəzinin (TİM) təşəbbüsü ilə cari ildə də “Maliyyə savadlılığı” layihəsi çərçivəsində “Qlobal Pul Həftəsi” 9-17 mart tarixləri arasında silsilə tədbirlərlə qeyd edilib.
Merkezi Bankın Beynelxalq əməkdaşlıq və kommunikasiya departamentindən ANS PRESS-ə verilən məlumata görə, bu ilki tədbirlər çərçivəsində Bakı şəhəri 220 saylı məktəbin IV sinif şagirdləri Litvanın Kaunas şəhərinin Jono Pauliaus gimnaziyasından olan həmyaşıdları ilə telekonfrans təşkil ediblər.
Telekonfrans zamanı Azərbaycanlı şagirdlər milli valyutamızı litvalı həmyaşıdlarına nümayiş etdirmiş və müxtəlif nominallı milli əskinasların üzərindəki simvolların mənalarını onlara açıqlayıblar. Şagirdlər gündəlik cib xərclikləri, qənaət etmə və xərcləmə haqqında suallar vermiş, pul daxıllarını bir-birilərinə təqdim ediblər.
Oxşar məzmunlu növbəti telekonfrans Sumqayıt şəhəri 31 saylı və 26 saylı məktəblərin şagirdləri ilə birgə Serbiyanın Blase şəhərində yerləşən Stoyan Novakoviç adına orta məktəbin şagirdləri arasında keçirilib. İlk öncə şagirdlər bir-birilərinə öz ölkələrini, daha sonra milli pul əskinasları haqqında ətraflı məlumat veriblər.
Eyni zamanda, serbiyalı şagirdlər istifadəsi XII-XXI əsrlərə aid serbiya pul sikkələri barədə təqdimat keçiriblər. Sonda Azərbaycanlı şagirdlər puldan rasional istifadə, onun funksiyaları, qənaət və yığım haqqında sosial həcmli mesajları öz həmyaşıdları ilə bölüşüblər. Hər iki telekonfrans ingilis dilində təşkil edilib.
Ölkəmizdə keçirilməsi artıq ənənə halını almış “Qlobal Pul Həftəsi”nin qeyd olunması və bu istiqamətdə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd uşaq və gənclərin iqtisadi və maliyyə məsələləri üzrə məlumatlılığının və rasional maliyyə davranışlarının artırılmasıdır.
ANS PRESS