İqtisadiyyat

“MBA-Moskva” MDB Beynəlxalq İqtisadi Forumunun sponsorudur

Metbuat.az

Moskva, 18 mart,

AZƏRTAC

“MBA-MOSKVA” Bankı MDB-nin iştirakçısı olan dövlətlərin Beynəlxalq iqtisadi forumunun iştirakçısı və rəsmi sponsoru kimi çıxış edib. Bu barədə bankın mətbuat xidməti məlumat verib.


MDB-nin iştirakçısı olan dövlətlərin növbəti Beynəlxalq iqtisadi forumu martın 13-də Moskvada Krasnopresnenskaya Naberejnayadakı Beynəlxalq Ticarət Mərkəzinin Konqres-hollunda olub. MDB ölkələrinin biznes liderlərinin forumu “İnteqrasiya- yeni imkanlar və böhrandan çıxış yolları” devizi altında keçirilib.


Artıq bir neçə ildir ki, MDB ölkələrinin iqtisadi forumu diskussiya xarakterli qeyri-formal ünsiyyət formatında işlərə yekun vurulmasını, Birliyin inkişaf perspektivlərinin və imkanlarının müzakirəsini təklif edən mühüm tədbirlərdən birinə çevrilib.


İndiki forumda ənənəvi olaraq Birlik ölkələrinin bir çox nümayəndələri iştirak ediblər. Onların arasında MDB İqtisadi Şurasının üzvləri, nazirliklərin və baş idarələrin əməkdaşları, aparıcı sənaye və ticarət müəssisələrinin rəhbərləri, milli hakimiyyət orqanlarının, sahə birliklərinin, MDB-nin ən iri maliyyə təsisatlarının və təşkilatlarının nümayəndələri olub.


“MBA-MOSKVA” Bankı nümayəndələrinin Beynəlxalq iqtisadi forumun işində fəal iştirak etməsi artıq yaxşı ənənəyə çevrilib. Bu il də istisna deyil. İşçi bölmələrdə və diskussiyalar zamanı, auditoriya qarşısında çıxışlarda bankın menecment əməkdaşları MDB çərçivəsində iqtisadi inteqrasiya ilə bağlı problemlərə və mövzulara bir daha canlı maraq nümayiş etdiriblər.


Qeyd etmək lazımdır ki, iri infrastruktur layihələrə investisiya sahəsində Azərbaycanda toplanmış müsbət təcrübə və həmin layihələrin maliyyələşdirilməsində Azərbaycan Beynəlxalq Bankının iştirakının məqsədlərindən biri də Rusiya Federasiyasının ərazisində “MBA-MOSKVA” Bankının yaradılması olub. Bu gün “MBA-MOSKVA” Bankı Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu kimi logistika mərkəzləri, ticarət obyektləri, mehmanxanalar və Rusiya iqtisadiyyatının inkişafı üçün digər çox əhəmiyyətli infrastruktur elementlərin yaradılması layihələrini maliyyələşdirir və beləliklə, Azərbaycan ilə Rusiya arasında əmtəə-pul dövriyyəsinin artmasına kömək göstərir.



Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva