İqtisadiyyat
Manatı dollardan necə və niyə xilas etməli?
"Ölkələr, xalqlar, dövlətlər, Qərb, Üçüncü Dünya yoxdur. Yalnız sistemlər sistemi, nəhəng və əbədi, qarşılıqlı bağlı olan, çoxvariantlı, çoxmillətli dollar hakimiyyəti var. Neft dollarları, elektrik dollarları, multidollarlar, funt, yena, yuan, rial, reyxsmark, şekel - onların hamısı Yer kürəsində həyatı bütünlüklə və tam müəyyənləşdirən maliyyə sistemidir. O sistemi dollar idarə edir. İndi bu, əfsuslar olsun ki, adi yaşam tərzimizdir".
1976-cı ildə ABŞ-da nümayiş olunmuş və xeyli populyarlaşmış "Network" filminin qəhrəmanlarından biri Artur Censennin məşhur "The World is a Business" monoloqunda bu sözlər də yer alırdı.
7 il əvvəl, 2008-ci ildə ABŞ-da alınması çox asan kreditlər və substandart ipoteka ilə başlamış qlobal maliyyə böhranı indi son, ən ağır mərhələsindədir. Dünyanın ən güclü iqtisadiyyatları arasında böyük valyuta savaşı gedir. Bu ölkələrdən hər biri yalnız özünə sərfəli monetar siyasət yeridir, bazarın volatilliyini gücləndirir, deflyasiya təzyiqini artırır.
Dünyanın valyuta bazarlarında yeni fəlakətin, yeni və olduqca məşəqqətli böhranın ərəfəsində yaşayırıq. Avroya olan kursu son 12 ildəki ən yüksək həddə çatmış ABŞ dollarının son vaxtlar sürəkli bahalaşması Birləşmiş Ştatlardakı fond indekslərini alt-üst edib. Belə də olmalıydı. Axı sərmayəçilər 2015-ci ilin ilk 3 ayında korporativ gəlirlərin çox olmayacağını, kreditlərin daha sərt şərtlərlə veriləcəyini, Birləşmiş Ştatların ixracatının zəifləyəcəyini gözləyirdilər. Bahalaşan dollar dünyanın inkişaf etməkdə olan ölkələrinə də ağır zərbə vurur. Səbəb məlum: onlar ABŞ dolları ilə hesablanan maliyyə öhdəliklərinə toplam olaraq 5,7 trilyon dollarlıq məbləğ yatırıblar.
Həmin pulların tam əksəriyyəti korporativ bondlar formasında özəl sektorda olsa da, bahalaşan dollar borclarla bağlı faizlərin artmasını, inkişaf etməkdə olan ölkələrdən kapital axınının güclənəcəyini qaçılmaz edir.
Yaranmış şəraitdə inkişaf etməkdə olan ölkələrin dövlət istiqrazlarının və borc kağızlarının kütləvi şəkildə satışa çıxarılması riski var. Beləcə, 1997-ci ildəki situasiya təkrarlana bilər.
Artıq başlanmış, trilyonlarla dollarlıq "kerri-treyd" isə inkişaf etməkdə olan ölkələrin milli valyutalarının ABŞ dolları ilə müqayisədə daha da zəifləyəcəyinə, pulların yenidən dollara yatırılacağına və beləcə, Birləşmiş Ştatların heç nə ilə təmin olunmamış kağız yığınına dönmüş valyutasına yenidən maliyyə axınının istiqamətlənəcəyinə dəlalət edir.
Valyutalarının kursları dollara münasibətdə aşağı düşən, pulları ucuzlaşan ölkələrdən sərmayə axını güclənib. Periferiyadan çıxan pullar yenidən ABŞ-a yönəlir, bondların təkrar satış bazarı da artıq kiçilməkdə, "qurumaq"dadır.
Birləşmiş Ştatlarda faiz dərəcələrinin artımı isə sadəcə, yanğına benzin tökmək deməkdir.
Dünya Bankı hələ yanvar ayındakı hesabatda təşvişini gizlədə bilməmiş, "maliyyə problemlərinin xaotik və sürəkli yaranmasından narahatlığını" dilə gətirmişdi.
ABŞ-dan sonra dünyada ikinci böyük iqtisadiyyata malik Çində də kapital axınının güclənməsi müşahidə olunur. Çin Mərkəzi Bankının yüksək rütbəli funksionerlərindən biri Quan Taonun dediyinə görə, ilin ilk ayında ölkədən 20 milyard dollar çıxarılıb: "Çinin vəziyyəti vaxt keçdikcə Asiyadakı maliyyə böhranındakı situasiyanı xatırladır. Belə davam edərsə, ölkəmiz həmin böhranın daha sərt forması ilə qarşılaşacaq".
Birləşmiş Ştatlarda faiz stavkaları bu ilin ilk yarısında hətta 0,25 faiz artarsa – Federal Ehtiyat Sistemi həftələrdir buna işarə vurur – Asiya ilə yanaşı, dünyanın bütün regionlarında yeni böhran yaradacaq, maliyyə sistemlərinin problemlərini artıracaq.
İnkişaf etməkdə olan dövlətlər, o cümlədən Azərbaycanın milli valyutasının kursunun müəyyənləşdirilməsində ABŞ dollarının kursundan istifadə olunduğundan alınmış kreditlər üzrə ödənişlərə milli valyutalarla daha çox pul xərclənəcəyi qaçılmazdır.
ABŞ dollarının artan kursu domino effekti yaradıb - kapital ölkələri tərk edir, Birləşmiş Ştatlarda risksiz təsir bağışlayan aktivlərə qayıdır. Hazırda ABŞ-da 10 illik qiymətli kağızların ümumi həcmi 2 faizdən artıqdır. Lakin Avropa Birliyinin Mərkəzi Bankının kəmiyyət güzəştlərini bəyan etməsindən əvvəl maliyyə fırıldaqçıları və sərmayə alverçiləri amerikalıların investisiya bankları ilə birlikdə pulları ABŞ-ın qiymətli kağızlarına qaytarmağa başlayıblar.
Təkrar dövr edən bu pul kütləsi uzunmüddətli qiymətli kağızlar üzrə gəlirləri azaldacaq, əməliyyatları orta dirəyi sınmış çadır təki çökdürəcək.
ABŞ-da Mərkəzi Bank rolunu oynayan Federal Ehtiyat Sistemi (FES) xarici ölkələrin maliyyə ehtiyatlarının qarəti ilə məşğul olur, quldurluq edir.
Bu qurum Vaşinqtonun müxtəlif ölkələrdəki savaşları, hərbi müdaxilələri, işğalları, çevriliş və qiyam ssenarilərini təkrarlayır. Bir fərq var: binalar yerlə yeksan edilmir, şəhərlər xarabazara döndərilmir, raket və top atəşlərinin səsləri eşidilmir.
Azərbaycan manatı da daxil olmaqla, dünyanın bütün ölkələrinin valyutalarının ABŞ dolları ilə müqayisədə ucuzlaşmasının səbəbi Vaşinqtonun yürütdüyü maliyyə siyasətidir. Birləşmiş Ştatlarda faiz stavkalarının artımı ilə bağlı gözləntilər avronun dollara olan kursunu son 12 ildə ən aşağı səviyyəyə çatdırmaqla yanaşı, dünya bazarlarında xam neftin ucuzlaşması nəticəsində “qara qızıl” satışından gəlirləri obyektiv şəkildə azalmış ölkələrin qarşısında yeni problemlər yaradıb.
Cənubi Afrika Respublikasının rendi son 13 ildə rekord səviyyədə ucuzlaşaraq dəyərinin 1,5 faizini itirib. Türkiyə lirəsi ucuzlaşma rekordu vurur, Braziliya rialı son 10 ildə ən pis nəticə göstərərək 3,1547 rial:1 dollar səviyyəsinə enib.
Valyuta bazarlarındakı bu böhranın, volatillik bəlasının səbəbi isə ABŞ-dakı monetar stimulların bilərəkdən zəiflədilməsi və bununla da qlobal bazarlarda çaxnaşmanın yaradılmasıdır. ABŞ qəsdən, bilərəkdən belə davranaraq fond birjalarında səhmlərin kütləvi şəkildə satışa çıxarılmasının yaratdığı böhranın ən ağır sonuclarının inkişaf etməkdə olan dövlətləri vurmasına nail olub.
Gözləntilər valyutaların kursunu laxladır, dəyişir, sindromları ağırlaşdırır.
Federal Ehtiyat Sisteminin “ucuz pullar” siyasəti yeni maliyyə tufanı yaradıb və yaşananlar inkişaf etməkdə olan dövlətlərin valyutalarını sınağa çəkir.
FES-in sədri Canet Yellen gözlənildiyi təki, iyun ayında faiz stavkalarının artırılması ilə bağlı bəyanat verərsə, inkişaf etməkdə olan ölkələrdən kapital axını daha da güclənəcək, həmin dövlətlərin milli valyutalarının ABŞ dollarına olan kursu daha da aşağı düşəcək. Bir qədər keçəcək, qlobal miqyasda ümumdaxili məhsulun göstəriciləri azalacaq və bu da valyuta savaşlarını kəskinləşdirəcək, çünki azalan tələbat müstəvisində daha çox pay əldə etmək üçün ölkələr arasında rəqabət fasiləsiz artır.
İnkişaf etməkdə olan dövlətlərin maliyyə sistemlərində yaranan böhran, milli valyutaların kursunun aşağı düşməsi bütünlüklə ABŞ-ın Federal Ehtiyat Sisteminin ssenarisinin nəticələridir. Amerikalılar yeni qlobal resessiyaya start veriblər, amma anlamırlar ki, Vaşiqtonun belə davranışı bir çox ölkələri milli valyutaların kursunun birbaşa dollara “bağlanması”ndan imtinaya sövq edir.
Manatın kursunun bivalyuta zənbili, yəni ABŞ dolları və avro ilə müəyyənləşdirilməsi sisteminin seçilməsi də Azərbaycanın maliyyə sistemini dollardan asılı vəziyyətə salmamaq istəyi ilə bağlıdır.
Son 15 ildə qlobal miqyasda üç ağır böhran və sonra da ağır maliyyə çətinlikləri Rusiya, Çin, Hindistan, Braziliya, Venesuela, İran, Cənubi Afrika Respublikası, habelə Avropa Birliyi ölkələrində dollara inamı azaldıb. Bu dövlətlər çox gec olsa da, artıq anlayırlar ki, valyutaların kursunu dollara bağlamaqla hər hansı formada maliyyə stabilliyindən danışmağa dəyməz.
ABŞ-ın birtərəfli, yalnız öz maraqlarının təminatına yönəlmiş siyasəti qlobal maliyyə bazarlarındakı bərabərsizliyi daha da artırıb, işgüzar aktivliyi zəiflədib, inkişafı süstləşdirib.
Federal Ehtiyat Sisteminin yürütdüyü siyasətin təsirlərindən qorunmağın hələlik yeganə effektiv yolu milli valyutaların dollardan asılılıq səviyyəsini azaltmaq, qlobal miqyasda yeni ehtiyat valyuta yaratmaq, sonra da valyutanın kursunu funt-sterlinq, avro, yuan, yena, rubl və qızıla “bağlamaq”dır.
Əks təqdirdə hər 5-10 ildən bir qlobal miqyasda ağır maliyyə böhranları yaşanacaq və o böhranlar inkişaf etməkdə olan ölkələrə ağır zərbələr vuracaq.
Sadə situasiyadır.
ABŞ-da maliyyə bumu nə qədər güclü olarsa, dollardan asılı ölkələrin vəziyyəti bir o qədər pisləşəcək.
Azərbaycan manatının kursunun Mərkəzi Bankın valyuta ehtiyatları hesabına stabil saxlanması praktikasının dayandırılması, milli valyutamızın kursunun dollarla bahəm, avro ilə müəyyənləşdirilməsi vaxtında atılmış addım idi və manatın ucuzlaşmasını "faciə" sayanlar səhv edirlər.
Kobud səhv, çünki ABŞ-ın yürütdüyü maliyyə siyasəti nəticəsində qlobal maliyyə bazarında indi heç nə ilə təmin olunmamış 11 trilyon dollar var. Bu pullar maliyyə qeyri-stabilliyini o qədər artırıb ki, Birləşmiş Ştatlarda faiz stavkalarının artırılması inkişaf etmiş ölkələrin maliyyə bazarlarına dəhşətli zərbələr vurmaqla yanaşı, fond bazarlarında geriləmələr yaradacaq, deflyasiya təzyiqi artıracaq.
Dollar asılılığından qurtulmaq üçün bundan ciddi arqument nə ola bilər?
Elçin Alıoğlu
Milli.Az