İqtisadiyyat

Manat, yoxsa dollar?

Metbuat.az
"Dollar bizim, problemlər isə sizindir".
1971-ci ilin noyabrında "Böyük Onluq" (G10) ölkələrinin dövlət və hökumət başçılarının Romadakı görüşündə ABŞ-ın maliyyə naziri Con Konelli belə demişdi.
Həmin vaxtlarda ABŞ prezidenti Riçard Nikson dolların qızıla konvertasiyasını dəyişmiş və dünya maliyyə sistemini valyutaların üzən kursuna keçirmişdi.
İkinci Dünya Müharibəsindən sonra Bretton-IVud sistemi çərçivəsində ABŞ ehtiyat və ticari valyuta qismində dünyaya dolları "ifrat üstünlük" kimi təklif edəndən bəri hamımız bu bəladan əziyyət çəkirik.
 
Əziyyət dollar əzabıdır.
ABŞ-ın Federal Ehtiyat Sistemi ümumdünya mərkəzi bankı olmaq iddiasındadır, amma monetar siyasəti sadəcə, amerikalıların maraqlarına uyğun yürüdür. Maliyyə oliqopoliyalarının təzyiqi altında bu qurum faiz stavkalarının müəyyənləşdirir, ABŞ-ın maraqlarını tam təmin etmək üçün dollarlar çap edir, bununla da dünya ölkələrinin iqtisadiyyatını kontrolda saxlayır.


 
1970-ci illərin sonlarında FES 10 ildən bəri davam edən gəlir azalmasına son qoymaq və ölkə iqtisadiyyatını staqnasiyadan çıxarmaq istəyəndə stavkaları kəskin şəkildə qaldırdı. Bu isə 1979-1981-ci illərdə "Uolker şoku" adlanan böhrana səbəb oldu, Birləşmiş Ştatlarda federal fondların effektiv stavkaları 20 faizdən çox artdı.
 
Sonucda inkişaf etməkdə olan ölkələrin maliyyə sistemləri qıc oldu, defoltlar başlandı, onlarla dövlət borc tələsinə düşdü.
Bu ölkələrin dövlət borcları ABŞ dolları ilə olduğundan, stavkalar isə artdığından onların borc faizlərinin ödənilməsi ilə bağlı çətinliklər yarandı.
 
Borcların faizlərini vaxtında vermək üçün ölkələr yeni borclar almağa başladılar və beləcə, kredit asılılığı daha da artdı. Yeni borcları ABŞ və bu ölkənin total nəzarətindəki beynəlxalq maliyyə təşkilatları ağır şərtlərlə, böyük faizlərlə verdiyindən situasiya daha da ağırlaşmışdı.
1997-ci ildə ABŞ-da borc stavkasının sadəcə, 0,25 faiz artırılması "Asiya" böhranının başlıca səbəblərindən biri oldu.

Beləcə, Cənub-Şərqi Asiya ölkələrinə "qaynar pullar"ın axını sürətləndi.
 
O böhranı asiyalılar hələ də unutmayıblar və əslində unutmaları çox çətindir.
İndi, 2015-ci ildə ABŞ dolları qlobal miqyasda yenidən bahalaşır, dünyanın bir çox ölkələrinin milli valyutaları kimi, manatın ABŞ dollarına olan kursunda da gerilənmə yaşanır.


 
Baş verənləri manatın zəifləməsi adlandırmaq olarmı?
 
Absurddur. Çünki ABŞ-da faiz stavkalarının artması dünyanın inkişaf etməkdə olan ölkələrinin istisnasız olaraq hamısında milli valyutaları ucuzlaşdırıb.
2009-cu ildən bəri ABŞ çap etiyi dollarlar və ya ölkə banklarına faktiki olaraq 0 faiz stavkası ilə verdiyi kreditlərlə dünya bazarını öz valyutası ilə doldurub.
Hazırda Vaşinqton monetar siyasətini dəyişərək sərtləşməyə başladığından "qaynar pullar"ın hərəkət istiqamətləri dəyişir.
Dünya bazarlarında xam neftin ucuzlaşmasını da xatırlasaq, ABŞ dollar vasitəsilə rəqiblərini tam nəzarətdə saxlamaqla yanaşı, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına ağır zərbələr vurur.
 
"Uolker şoku"ndan fərqli olaraq Vaşinqton yeni siyasətini aşkar zərbələr taktikası təki gerçəkləşdirmir. Amma məqsəd və məram eynidir.
Amerikalılar dünya maliyyə sistemində şəksiz lider mövqelərini qorumağa çalışır, statuslarında hər hansı dəyişikliyə yol vermək istəmirlər.
Manatla bahəm, onlarla ölkədə milli valyutaların ucuzlaşmasının əsas səbəbi budur və yaşananları maliyyə imperializminin geosiyasi strategiyası qismindəki "pul savaşları"nın yeni, daha aqressiv və qəddar mərhələsi saymaq gərəkdir.


 
ABŞ-ın əmrləri ilə göstərişlərini kor-koranə şəkildə, qeyd-şərtsiz yerinə yetirmək istəməyən ölkələr müxtəlif formada, aşkar və üstüörtülü sanksiyalara məruz qalır, onların valyutalarına spekulyativ hücumlar edilir, xam neft və təbii qazın qiymətləri ilə manipulyasiyalar edilir, beynəlxalq və müstəqil sayılan, əslindəsə ABŞ-ın nəzarətində olan reytinq agentlikləri ölkələrin iqtisadiyyatları ilə maliyyə sistemlərinə Vaşinqtona sərf edən qiymətlər verir, beynəlxalq bank sistemindəki hesablaşmalar və ödəmələrin axınını tənzimləyən amerikalılar qəzəblərini daha hiyləgər formada izhar edirlər.
 
ABŞ daha zəif rəqiblərə qarşı letal silahlardan, raket və bombalardan istifadə edirsə, digər rəqibləri zəiflətmək və "ram" etmək üçün "narıncı inqilab" ssenariləri, müxalifətlərin maliyyələşdirilməsi, çevriliş ssenarilərinin hazırlanması, embarqolar və s.-dən yararlanır.
Məqsəd aşkardır: dolların hegemoniyasının zəifləməsinə yol verməmək.


 
Dollar ABŞ-a imperiya olmağa imkan verdiyi üçün Birləşmiş Ştatların yürütdyü imperialist siyasətin başlıca məqsədi də elə dolların statusunun qorunmasıdır.
Vaşinqtonun maliyyə və hərbi gücünün əsasını dolların qlobal miqyasda ehtiyat valyuta olması, beynəlxalq ticari vahid qismində çıxış etməsi və bu minvalla da dollara qlobal tələbatın varlığıdır.
 
Məhz həmin tələbatın sayəsində ABŞ istədiyi qədər "yaşıl kağız" çap edə bilir. Sonra isə bu rəngli kağızlar amerikalıların idarə etdikləri şişirdilmiş maliyyə sisteminə vurulur, ABŞ-ın geosiyasi maraqlarının təminatına, o cümlədən dünyanın müxtəlif yerlərində müharibələrin aparılmasına xərclənir.
Dollara qlobal miqyasda tələbat o qədər çoxdur ki, 2008-ci ildəki maliyyə böhranı zamanı ABŞ ən yaxın, yəni müti və sadiq müttəfiqlərinə əlahiddə svop-xətlər vasitəsilə dollara çıxış imkanı yaratmışdı.


 
Halbuki dolların indiki dəyəri ifrat dərəcədə şişirdilib və ABŞ iqtisadiyyatının real dəyərini əsla əks etdirmir.
Birləşmiş Ştatların iqtisadiyyatı isə istehsal etdiyindən xeyli artıq miqdarda istehlak edir və amerikalıların nəhəng xarici borcu da beləcə yaranır.
Məsələn, ABŞ-ın federal büdcəsinin kombinə edilmiş kəsiri ilə cari balansı ildə 1 trilyon dollara çatıb. Dünyanın heç bir ölkəsi gəlirlərin xərclərdən dəfələrlə az olduğu şəraitdə ABŞ kimi asudə yaşaya bilməz.
 
Daha sadə yazsam, ABŞ-ı ABŞ edən qlobal dollar hegemoniyasıdır.
Bu hegemoniyaya son qoyulan kimi yankilərin qüdrəti çökəcək, Birləşmiş Ştatlar qonşu Kanada və ya Meksikadan heç nə ilə fərqlənməyən ölkəyə çevriləcək.
Manatın ucuzlaşmasının səbəbi indi aydın oldumu?
 
ABŞ onun siyasəti ilə bütünlüklə, mütiliklə razılaşmayan ölkələrə hücum çəkir, Avropa Birliyi, Yaponiya, Kanada, Hindistan, Rusiya, İran və Braziliya kimi "tərs" dövlətləri diz çökdürməyə çalışır. Həmin ölkələr dollar əsarətindən qurtulmağa can atdıqları üçün Vaşinqtonu qıcıqlandırır, amerikalıları hirsləndirirlər.
Dünya neft bazarında qiymətləri sadiq "müttəfiqi", daha doğrusu, Yaxın Şərqdəki forpostu Səudiyyə Ərəbistanı vasitəsilə aşağı salıb-qaldıran ABŞ əmr və göstərişlərini yerinə yetirmək istəməyən dövlətləri valyuta hücumlarına, sanksiyalara, çevriliş və "inqilab" təhlükələrinə, reytinq agentliklərinin "müstəqil və obyektiv" hesabatlarında reytinqlərini aşağı salır, bütün bunlar alınmayanda da açıq şəkildə hədələyir.


 
Rusiya, Hindistan və Çin dollara qarşı birgə siyasət yürütmək niyyətlərini bəyan edəndə başlayan proses maraqlı idi.
Əvvəlcə Hindistanda hakimiyyət laxladı, parlament seçkilərində ABŞ-ı tam dəstəkləyən radikal millətçilər bütün proqnozları alt-üst edərək "qələbə"yə nail oldular.
Sonra Çinin Honkonq şəhərində "rəngli inqilab" ssenarisi işə salındı, "çətirlər inqilabı" adlanan kütləvi iğtişaşlar başlandı.
 
Və ən sonda Rusiya ilə Ukrayna arasındakı münasibətlər müharibə həddinə çatdırıldı. Krım yarımadasının işğalına Rusiyanı təhrik edən ABŞ sonradan Ukraynanın şərqində separatçılığın inkişafına göz yumdu: məqsəd Moskvanı uzunmüddətli problemə cəlb etmək idi ki, olundu da.
Rusiyanın Krımı ələ keçirməsinə ABŞ niyə belə tez razılaşdı?


 
Sadəlövh olmayın və İraqın Küveyti işğal etməsini xatırlayın.
 
1990-cı ildə İraq prezidenti Səddam Hüseynlə Bağdadda məxfi danışıqlar aparan amerikalı diplomatlar onu Küveytdən təzminat istəməyə sövq edirlər.
Həmin ilin iyul ayında Səddam Hüseyn iddialarla çıxış edir, Küveytin sərhəddəki yataqlardan "qanunsuz" neft çıxardığını deyir və Küveyt əmirindən İraqa verilmiş 14 milyard dollarlıq kreditin silinməsi, üstəlik, 2,5 milyard dollarlıq təzminatın ödənməsini tələb edir.
Bağdada amerikalılar vədlər vermişdilər və Səddam Hüseyn düşünürdü ki, Küveyti alandan sonra ABŞ heç nə etməyəcək.
Səddamı aldatdılar: Küveyt əməliyyatı İraqa baha başa gəldi.


 
Situasiya indi Krımla bağlı Rusiya üçün, Spartli və Honkonq ssenariləri Çin, Suriya oyunu formasında İran üçün təkrarlanır.
Beynəlxalq maliyyə təşkilatlarına gəldikdə isə, bəlli, onların arasında ən nüfuzluları və böyükləri Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondudur.
Bu qurumların müstəqil, gerçəkdən də dünya birliyinin maraqlarını təmin etməyə çalışan strukturlar olduğunu düşünürsünüz?
Onda, sadəcə bir fakt: Beynəlxalq Valyuta Fondunda hər hansı qərarı ləğv etmək üçün üzv dövlətlərin səslərinin 85 faizi gərəkdir. ABŞ isə bu qurumda 17 faizlik səs kvotasına malik olduğundan, hər hansı qərara istədiyi an veto qoya bilir.
 
Dünya maliyyə sistemində tarazlığın bərpa edilməsi ideyaları ABŞ üçün çox təhlükəli olduğundan Vaşinqton hadisələrə təsir imkanlarını mümkün qədər artırmağa, göstərişləri yerinə yetirməyənləri isə cəzalandırmağa can atır.
ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) dünyanın inkişaf etməkdə olan dövlətləri üçün çox ciddi problem olaraq qalır.
Son 6 ildə FES banklara və investorlara QE vasitəsilə 4,5 trilyon dollar kredit verərək və aşağı faiz stavkalarını qoruyacağını vəd edərək dünya maliyyə bazarına dolları sel kimi yönəldib.


 
Dollarlar inkişaf etməkdə olan bazarlara axdılar. Ölkələr dollar kreditlərini zahirən aşağı stavka ilə aldılar, birja alverçiləri isə ucuz dollarla kreditlər götürərək pulları inkişaf etməkdə olan ölkələrə yatırdılar və "carry trade" tipli əməliyyatlar vasitəsilə böyük gəlir əldə etdilər.
Hazırda qlobal miqyasda ABŞ 9 trilyonluq borc ödənişlərinə sahibdir ki, həmin pulların korporativ bondlar və beynəlxalq kreditlər formasında 5,7 trilyon dolları inkişaf etməkdə olan ölkələrin amerikalılara ödəyəsi pullardır.
 
İnkişaf etməkdə olan ölkələrin borclarının əksəriyyəti korporativ yox, suveren borclar olduğundan ABŞ həmin ölkələrin büdcələrinin formalaşmasına dolayı təsir imkanlarına malikdir.
 
Belə şəraitdə Azərbaycanın milli valyutasının kursunun sadəcə, ABŞ dolları ilə müəyyənləşdirilməsi ölkənin maliyyə sistemi üçün olduqca ağır yükə çevriləcəkdi.
Yəni manatın stabilliyini qorumaq və kursunun hər hansı formada ciddi şəkildə dəyişməsinə yol verməmək üçün Azərbaycanın Mərkəzi Bankı hər ay minimum 900 milyon dollar xərcləməliydi.


 
Bu,ən yaxşı halda belə olacaqdı. Dünya bazarlarında xam neftin qiymətinin daha da ucuzlaşacağı şəraitdə aylıq xərclər hətta 1,5 milyard dollara da çata bilərdi.
Manatın kursunun ABŞ dolları və avrodan ibarət bivalyuta zənbili vasitəsilə müəyyənləşdirilməsi, perspektivdə isə "üzən kurs"un seçilməsi, göründüyü kimi, optimal və effektiv çıxış yolu sayıla bilər.
 
"Manat, yoxsa dollar?" dilemmasına gəldikdə isə, seçim sadədir. Milli valyutanın kursu dəyişsə belə, ölkə daxilindəki əməliyyatlar üçün məntiq manatın seçilməsinin tərəfdarıdır.
 
Elçin Alıoğlu
Milli.Az