Ölkə

Macarıstanda Azərbaycanın biznes və investisiya mühitinə dair biznes forum keçirilib

Metbuat.az

Budapeşt, 18 mart,

AZƏRTAC

Macarıstanın Debretsen şəhərində Haydu-Bihar əyalətinin Ticarət və Sənaye Palatasının, habelə biznes və maliyyə sahələri üzrə fəaliyyət göstərən DBH Group-un təşkilatçılığı, macar şirkətlərinin və iş adamlarının iştirakı ilə Azərbaycanda mövcud biznes və investisiya mühitinə dair biznes forum keçirilib.


Tədbiri giriş sözü ilə açan Azərbaycanın Macarıstandakı səfiri V.Quliyev ölkələrimiz arasındakı sıx siyasi əməkdaşlıq fonunda ildən-ilə inkişaf edən iqtisadi və ticarət əlaqələrindən bəhs edib. Ötən ilin noyabrında Prezident İlham Əliyevin Macarıstana səfəri zamanı yeni iqtisadi sazişlərin imzalandığını xatırladan səfir son illər səhiyyə, turizm, mədəniyyət, gənclər və idman sahəsində əlaqələrin daha da genişləndirildiyini bildirib və macar iş adamlarını birgə layihələrin həyata keçirilməsində yaxından iştiraka səsləyib.


Forumda DBH Group-un Azərbaycan nümayəndəliyinin rəhbəri Şandor Erdei, Haydu-Bihar əyaləti Ticarət və Sənaye Palatasının prezidenti Ferens Mikloşi, DBH Group-un layihələrin idarə edilməsi üzrə direktoru Jolt Keresturi çıxışları dinlənilib. Tədbirə qatılan macar iş adamları son illər ölkəmizdə sürətlə inkişaf edən iqtisadiyyat və yaradılmış əlverişli biznes mühiti şəraitində Azərbaycan şirkətləri ilə əlaqələri daha da genişləndirməklə bağlı planlarından söz açıblar.


Səfir Vilayət Quliyev forum çərçivəsində Debretsen meri Laslo Papp və Debretsen Universitetinin rektoru professor Zoltan Silvaşi ilə də görüşüb. Görüşlər zamanı müxtəlif sahələrdə, o cümlədən elm və tələbə mübadiləsi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt