İqtisadiyyat

Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” müzakirə olunub

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” mövzusunda tədbir keçirilib. Tədbirdə Lordlar Palatasının üzvləri, Britaniyanın enerji və iqlim dəyişmələri naziri, bp və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri, Azərbaycan Respublikasının Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.


SOCAR-ın mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, çıxış edən Lord Richard Rizbi “Azərbaycan-Böyük Britaniya enerji əməkdaşlığı” tədbirinin gözəl ənənəyə çevrildiyini qeyd edib. O, bildirib ki, bu çərçivədə qarşılıqlı səfərlərin təşkili ölkələrimiz arasında dostluq münasibətlərinə müsbət töhfə verir.


Bakıda keçiriləcək birinci Avropa Oyunlarına diqqət çəkən natiq bu tarixi hadisəni Azərbaycanın növbəti uğuru kimi dəyərləndirib və bu oyunların yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edib.


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə tədbir iştirakçılarını salamlayaraq SOCAR-bp münasibətlərinin tarixindən, iki şirkətin qarşılıqlı etimad üzərində qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən bəhs edib. R.Hüseynzadə Azərbaycanın bütün sahələrdə olduğu kimi neft sənayesi sahəsində də əldə etdiyi uğurlardan söz açmış, ölkəmizin həyata keçirdiyi qlobal layihələr haqqında tədbir iştirakçılarına məlumat verib.


Eyni zamanda regionda Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və qlobal əhəmiyyət daşıyan TANAP və TAP layihələri haqqında məlumat verən SOCAR-ın vitse-prezidenti, yaxın günlərdə Türkiyədə layihənin təməlqoyma mərasiminin keçiriləcəyini qeyd edib.


bp-nin vitse-prezidenti Ian Sutherland də bp-SOCAR əməkdaşlığının ölkələr arasında dostluq münasibətlərinə müsbət təsirindən danışıb, şirkətlər arasında mövcud münasibətlərin perspektivinə və səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.