Ölkə

Lənkəranın çayçılıq təsərrüfatlarında budama işlərinə başlanılıb

Metbuat.az

Lənkəran, 7 mart, Bağır Əliyev,

AZƏRTAC

Lənkəran rayonunun çayçılıq təsərrüfatlarında aqrotexniki qulluq işləri davam etdirilir. Çay plantasiyalarında cərgələrarası şumlama və alaq işləri başa çatıb, məhsuldarlığın artmasında əsas amillərdən olan budama kampaniyasına başlanılıb.


Çayçılıq üzrə kəndli-fermer təsərrüfatın rəhbəri Rəşid Quliyev

AZƏRTAC

-a bildirib ki, yay aylarında suya ciddi ehtiyacı olan çay bitkisini qış aylarında izafi sulardan qorunması vacib məsələdir. Plantasiyalarda may ayında başlayacaq birinci çay yığımına hazırlıq işləri davam etdirilir.


Rayonda çayçılıqla məşğul olan fermerlər və məhsul istehsalçıları əsasən yerli çay toxumlarına üstünlük verirlər. “Faq-1” və “Faq-2” adlandırılan bu çay toxumlarının üstünlüyü 12-14 dərəcə şaxtaya davamlı olması, daha tez inlişaf edib məhsul verməsidir. Orta məhsuldarlıq göstəricisi hər hektara 5 ton olsa da, düzgün aqrotexniki qulluq sayəsində 7-8 ton yaşıl çay yarpağı tədarük etmək mümkündür.


R. Quliyevin sözlərinə görə, hər hektarda 22 min kolun olduğu nəzərə alınmaqla hər koldan yarım kiloqram yaşıl kütlə yığılsa, hektarın məhsuldarlığını 10-12 tona da çatdırmaq olar.


Kənd təsərrüfatı məhsulları sırasında rentabelliyi ilə seçilən çay bitkisinin hər hektarından indiki halda satış qiyməti 1 manat olmaqla ümumilikdə 2,5-3 min manat xalis gəlir əldə olunur. Lakin, çayçılıq ilboyu qulluq və xərc tələb etdiyindən, tingçilik təsərrüfatlarında olduğu kimi, bu sahəyə də diqqətinin artırılması vacibdir.


Fermer R. Quliyev diqqətə çatdırıb ki, 100 illik bitki hesab edilən çay bitkisi əkiləndən 4 il sonra məhsul verməyə başlayır. Sonrakı illərdə hər il 20 faiz məhsul artımı olmaqla 8-ci ildə tam məhsuldarlıq dövrünə çatır.


Yerli çay bitkisinə aqrotexniki qaydada qulluq göstərilməklə, ildə 8-9 dəfə yığım həyata keçirməyin mümkün olduğunu deyən fermer, bu səviyyəyə suvarma sistemini yaratmaqla çatmağın mümkün olduğunu bildirib.


Dörd kiloqram yaşıl çay kütləsindən bir kiloqram quru çay məhsulu əldə olunduğunu vurğulayan təsərrüfatın rəhbəri, keyfiyyətli çayın 1 kiloqramının maya dəyərinin 18-20 manata başa gəldiyi bildirdi.


R.Quliyev onu da əlavə etdi ki, xüsusi qaydada yığılıb, emal olunan çay çeşidləri də var və onun qiyməti daha yüksəkdir. Belə məhsulları xarici bazarlara çıxarmaq üçün emal müəssisələrində yeni avadanlığın quraşdırılmasına ehtiyacı var.