Ölkə

Konfransda erməni təcavüzü nəticəsində Azərbaycanın əqli və mülkiyyət itkilərindən danışılıb

Metbuat.az

Bakı, 30 mart, Kifayət Əliyeva,

AZƏRTAC

Martın 30-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) bu ali təhsil müəssisəsinin və Azərbaycan ərazilərinin Ermənistanın silahlı təcavüzü nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə “Tarixi erməni təcavüzü: Azərbaycanın əqli və mülkiyyət itkiləri” mövzusunda konfrans işə başlayıb.


AZƏRTAC

xəbər verir ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbirdə AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı və İşçi Qrupunun rəhbəri, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı çar Rusiyasının süqutu ilə bolşevik-daşnak dəstələrinin Bakıda və Azərbaycanın digər rayonlarında həyata keçirdikləri etnik təmizləmə əməliyyatlarından, dinc insanların vəhşicəsinə qətlə yetirilməsindən danışıblar.


Martın 31-nin xalqımızın tarixində unudulmaz gün olduğunu qeyd edən natiqlər Qubada erməni cəlladları tərəfindən azərbaycanlıların qırğınının dəhşətlərini əks etdirən kütləvi məzarlıqdan da söz açıblar. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə həmin ərazidə “Soyqırımı memorial kompleksi”nin yaradılması haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamının əhəmiyyəti xüsusi vurğulanıb.