Kəsmik, qatıq, xama məhsulları üzrə dövlət standartlarına dəyişiklik edilib
Bakı, 13 mart,
AZƏRTAC
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi sədrinin əmri ilə kəsmik, qatıq, xama məhsulları üzrə dövlət standartlarına dəyişiklik edilib. Dəyişikliyin tətbiq vaxtı bu ilin iyunun 1-dən müəyyən olunub.
Komitədən
AZƏRTAC-a bildiriblər ki, dəyişikliyə görə kəsmik, qatıq və xama məhsullarının istehsalında istifadə olunan bitki yağları bundan sonra kərə yağları ilə əvəz olunmalıdır. Belə ki, standartların əvvəlki tələblərinə əsasən istehsalda bitki yağından istifadəyə icazə verilirdi. Həmçinin kəsmik standartına uyğun dondurulmuş kəsmik havanın nisbi rütubəti 75 faizdən çox olmamaqla saxlanılmalı, qablaşdırılmasından, dondurulma üsulundan və saxlanma temperaturundan asılı olaraq kəsmiyin yararlılıq müddəti 4 ayadək müəyyənləşdirilməli və istehsal müəssisəsindən buraxıldıqdan sonra ticarət şəbəkələrində mənfi 12 dərəcədən yüksək olmayan temperaturda məhsulun saxlanma müddəti ən çoxu 5 sutkayadək olmalıdır.
Xama isə xüsusilə tez xarab olan ərzaq məhsulları üçün qüvvədə olan sanitariya qaydalarına riayət etməklə saxlanmalıdır.