Dünya

İsveç hökuməti Silahlı Qüvvələrin büdcəsini artırır

Metbuat.az

Stokholm, 13 mart,

AZƏRTAC

İsveç hökuməti qarşıdakı beş il ərzində ölkənin hərbi büdcəsinə əlavə vəsait ayrılacağını elan edib.


İsveç Müdafiə Nazirliyinin rəhbəri Peter Xultkvist və maliyyə naziri Maqdalena Andersson bu məlumatı Stokholmda birgə mətbuat konfransında açıqlayıblar.


Regionda təhlükəsizlik sarıdan vəziyyətin pisləşməsi və İsveçin müdafiə məsələlərində beynəlxalq oriyentasiyanı milli oriyentasiya ilə əvəz etməsi nəzərə alınaraq, həmin pulları ölkənin Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsinə sərf etmək planlaşdırılır.


İsveç hökuməti 2016-2020-ci illərdə hərbi büdcəni 620 milyon avro (6,2 milyard İsveç kronu) məbləğində artırmaq niyyətindədir. Bu vəsait ilk növbədə hərbi təlimlər keçirilməsinin intensivləşdirilməsinə, hərbi dəniz istehkamları yaradılmasına, ölkənin su sərhədlərinin qorunması üzrə işlərin səmərəsini artırmaq üçün dəniz və hava gəmilərinin modernləşdirilməsinə yönəldiləcəkdir.


Lakin müdafiə naziri Peter Xultkvistin sözlərinə görə, təqdim edilən planlar qarşıdakı illərdə hərbi sahədə görüləcək işlərin istiqamətlərinin yalnız bir hissəsini əhatə edir və həmin planlar bu ilin baharında parlamentin müzakirəsinə çıxarılacaq.


Peter Xultkvist İsveçin müdafiəsinin inkişafı perspektivlərindən söhbət açaraq qeyd edib ki, əvvəl bildirildiyi kimi, İsveç Finlandiya və Danimarka ilə hərbi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsini davam etdirəcək.


Xatırladaq ki, Stokholmda hərbi sahəyə əlavə maliyyə vəsaiti ayrılması planları bundan əvvəl də təqdim edilib. 2014-cü ilin payızında İsveç hökuməti 2020-ci ilə qədər ölkənin hərbi büdcəsinə 9,7 milyard İsveç kronu (970 milyon avro) məbləğində əlavə vəsait ayrılması haqda qərar qəbul edib.


Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm