İqtisadiyyat

İstənilən istehlakçı öz informasiyalarını Məlumatların Emalı və Saxlanılması Mərkəzində saxlaya biləcək

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Telekommunikasiya operatorlarından əlavə, daxildə və xaricdə istənilən təşkilatın informasiyalarının Məlumatların Emalı və Saxlanılması Mərkəzində (MESM) saxlanması mümkün olacaq.


Bu barədə

AZƏRTAC

-a məlumat verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktor müavini Məzahim Quliyev bildirib ki, iqtisadi kateqoriyasından asılı olmayaraq istənilən istehlakçı - istər fiziki, istər hüquqi şəxs öz informasiyalarını bu mərkəzdə saxlaya biləcək. Çünki mərkəz İSO /İEC-27001 sertifikatını əldə etməklə məlumatların etibarlı qorunmasına tam zəmanət verəcək. Bu, çox vacibdir və bu sahədə işlər davam etdirilir.


“Ümumiyyətlə, mərkəzdə bütün istehlakçıların məlumatları - ən sadə məlumatdan daha mürəkkəbinə qədər, məlumatların həcmi və kateqoriyasından asılı olmayaraq, yüksək səviyyədə mühafizə ediləcək. Ehtiyatlılığın təmin edilməsindən başqa, biometrik nəzarət sistemindən başlayaraq təhlükəsizlik sensorları və fiziki nəzarət sensorları daxil olmaqla altı pilləli təhlükəsizlik sistemi təmin ediləcəkdir. Azərbaycan qanunvericiliyinin məlumatların qorunması ilə ciddi tələbləri sayəsində müştərilərə məlumatların toxunulmazlığına dair tam zəmanət verilir”, - deyə direktor müavini əlavə edib.