Heydər Əliyev siyasətinin bugünkü uğurlu davamı Azərbaycanı dünyada söz sahibinə çevirib
Ağstafa, 13 mart,
AZƏRTACAğstafa şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün tədris edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında dərslər davam edir.
AZƏRTAC
xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən növbəti dərsdə texniki humanitar təmayüllü liseyin və Qıraq Kəsəmən kənd tam orta məktəbin şagirdləri iştirak ediblər.
Qıraq Kəsəmən tam orta məktəbin tarix müəllimi Pərvanə Poladova tərəfindən keçirilən dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti Ulu Öndərin şah əsəridir. Belə ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışı dövlət müstəqilliyimizi mövcud təhlükələrdən xilas etdi, ölkəmizi inkişaf mərhələsinə çıxardı.
Bildirilib ki, Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyada söz sahibinə çevrilib və uğurlarının sayı gündən-günə artmaqdadır.
Tədris zamanı şagirdlərə Ulu Öndər haqqında sənədli film də göstərilib.