İqtisadiyyat

Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Azərbaycan ikinci yerdədir

Metbuat.az

Tbilisi, 24 mart,

AZƏRTAC

Azərbaycan cari ilin yanvar-fevral aylarında Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ikinci yerdə olub. Hesabat dövründə iki ölkə arasında ticarət dövriyyəsi 147 milyon ABŞ doları təşkil edib.


“Qruziya Online” xəbər portalının “Qruzstat”a istinadən yaydığı məlumata görə, birinci yerdə 224 milyon dollarla Türkiyə, üçüncü yerdə isə 112 milyon dollarla Çin Xalq Respublikasıdır.


Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarətində Azərbaycanın payı 10,2 faizdir. Gürcüstanın ümumi ixracatında Azərbaycan 14,2 faizlə liderdir. Həmin dövrdə Azərbaycana 45 milyon dollarlıq mal satılıb. Azərbaycandan isə bu ölkəyə ümumi idxalatın 9,1 faizi həcmində mal gətirilib.


Ümumiyyətlə cari ilin ilk iki ayında Gürcüstanın xarici ticarət dövriyyəsi 1433 milyon dollar olub. Bu da 2014-cü ilin yanvar-fevral ayları ilə müqayisədə 9 faiz azdır. Ticarət dövriyyəsində ixracat 324 milyon dollar təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz azdır.


İdxal isə 1109 milyon dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz azdır.


Mənfi saldo 786 milyon dollar təşkil edib.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi