“Fluor” şirkəti NQENKK layihəsinə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a yardım göstərəcək
Bakı, 30 mart,
AZƏRTACAzərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neft-Qaz emalı və Neft-Kimya Kompleksi (NQENKK) layihəsinin reallaşdırılması istiqamətində işləri icra planına müvafiq şəkildə davam etdirir. Bu yaxınlarda layihə çərçivəsində Qaz Emalı və Neft Kimyası zavodlarının tikintisi üzrə “Layihənin idarə edilməsi” müsabiqəsinə yekun vurulub. NQENKK və seçmə müsabiqədə qalib olmuş “Fluor” şirkəti arasında imzalanmış müqaviləyə əsasən həmin şirkət yeni kompleks çərçivəsində iki zavodun - Qaz Emalı və Neft Kimyası zavodlarının inşa edilməsində “Layihənin idarə edilməsi üzrə” podratçi (PMC) seçilib.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən
AZƏRTAC-a verilən məlumata görə, layihənin mürəkkəbliyi və işlərin icrası zamanı podratçılara nəzarətin və idarəetmənin həyata keçirilməsi üçün böyük təcrübəyə malik mühəndislik şirkətinin PMC qismində təyin edilməsinin əhəmiyyəti nəzərə alınaraq, SOCAR tərəfindən seçmə müsabiqəyə dünya miqyaslı 8 qabaqcıl şirkət (“Bechtel”, “CB&I”, “Fluor”, “Foster Wheeler”, “SNC Lavalin”, “Tecnicas Reunidas”, “Wood Group” (“Mustang”), “Worley Parsons”) dəvət olunub, bunlardan 4-ü (“Fluor”, “SNC Lavalin”, “Tecnicas Reunidas” və “Worley Parsons”) müsabiqədə iştirak etmək arzusunda olduqlarını bildirib və öz təkliflərini təqdim ediblər.
SOCAR, layihəyə texniki məsləhətçi qismində cəlb edilən DuPont şirkətinin dəstəyi ilə müvafiq texniki tapşiriq və müsabiqəyə dəvət sənədləri hazırlayıb, seçmə müsabiqədə iştirak edən həmin 4 şirkətin təkliflərini ətraflı şəkildə dərindən təhlil edərək, ən yaxşı təklif vermiş 2 şirkət (“Fluor” və “Worley Parsons”) ilə ikitətəfli görüşlər keçirib. Sonda layihə üçün daha səmərəli təklif vermiş “Fluor” şirkəti müsabiqənin nəticələri əsasında vahid qalib elan edilib.
PMC xidmətlərinin icra mərkəzi olacaq “Fluor” şirkətinin İngiltərədə yerləşən Farnborough ofisi Kompleksin strukturuna daxil olan Qaz Emalı Zavodunun və Ümumzavod Təsərrüfatı Sisteminin layihələndirmə, satinalma, tikinti (EPC) və Neft Kimyası Zavodunun ilkin detalli layihələndirmə (FEED) və layihələndirmə, satinalma, tikinti (EPC) mərhələlərinin icrasına nəzarəti həyata keçirəcək və həmin layihələrə cəlb olunan podratçıların idarə edilməsində SOCAR-a yardım göstərəcək.
Xatırladaq ki, “Fluor” şirkəti ilə NQENKK arasında hələ 2012-ci ildən sıx əməkdaşlıq münasibətləri qurulub. Belə ki, “Fluor”un Hollandiyada yerləşən Haarlem ofisi həmin ildən tender əsasında NQENKK layihəsi üzrə texnoloji qurğular üçün lisenziyaların seçilməsi və layihələndirmə paketinin hazırlanması mərhələsində texniki məsləhətçi qismində layihəyə cəlb edilib və SOCAR-a müvafiq məsləhət xidmətləri göstərib. “Fluor” həmçinin 2014-cü ildə layihə ilə əlaqədar keçirilən Beynəlxalq forumda yüksək səviyyəli nümayəndə heyəti ilə iştirak edib, layihədə maraqlı olan digər şirkətlər kimi ətraflı təqdimatla çıxış edib.
Qeyd edək ki, Azərbaycan Respublikası hökumətinin qərarına əsasən, ölkədə yeni Neft-Qaz emalı və Neft-Kimya Kompleksinin (NQENKK) tikintisi layihəsi SOCAR tərəfindən uğurla həyata keçirilir. Artıq bu məqsədlə müvafiq tədbirlər planı hazırlanıb, tikinti işlərinin aparılması üçün Bakı şəhərindən təqribən 60 kilometr cənubda, Abşeron və Qaradağ rayonlarının sərhədində müvafiq torpaq sahəsi ayrılıb və ərazinin tikintiyə hazırlanması işləri davam etdirilir. Yeni Kompleks iki mərhələdə həyata keçiriləcək. 2016-2021-ci illəri əhatə edəcək 1-ci mərhələdə illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodu, illik istehsal gücü təqribən 850 min ton olan Neft Kimyası Zavodu (NKZ), Ümumzavod Təsərrüfatı və Enerji Bloku (ÜTEB) inşa ediləcək. 2030-cu illəri əhatə edəcək 2-ci mərhələdə isə ilkin emal gücü ildə təqribən 8,6 milyon ton təşkil edən Neft Emalı Zavodu (NEZ) tikilib istismara veriləcək.