İqtisadiyyat

Fevralda “Elektron hökümət” portalına daxil olanların sayı 1 milyonu ötüb

Metbuat.az

[ 11 Mart 2015 17:58 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökümət” portalına daxilolmaların statistikasını açıqlayıb.

APA-Economics”in məlumatına görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov bildirib ki, mart ayının 1-ə olan statistikaya əsasən, portala daxil olan istifadəçilərin ümumi sayı 1 mln. 329 min 130 nəfər olub. "Bu günə qədər elektron hökumət portalı üzərindən elektron xidmətlərdən istifadə üçün müraciətlərin sayı 8 milyonu keçib", - deyə MHM direktoru bildirib.

Onun sözlərinə görə, təkcə fevral ayında elektron xidmətlərdən müraciətlərin sayı 700 mindən artıqdır.

N. Mərdanov qeyd edib ki, ötən ay ən çox istifadə olunan 10 elektron xidmətdən 4-ü Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin payına düşüb.

Adıçəkilən nazirliklə yanaşı, elektron xidmətlərdən ən çox istifadə olunan qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası yer alıb.

İstifadəçilər fevralda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 4 elektron xidmətindən ümumilikdə  175 667 dəfə yararlanıb.  Belə ki, nazirliyin “Telefon nömrəsi üzrə axtarış” xidməti üzrə 72165, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” xidməti üzrə 45819 istifadə sayı qeydə alınıb. “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətindən 35457, “Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi” xidmətindən  22226 dəfə faydalanıblar.