Əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir
Bakı, 7 mart,
AZƏRTACManatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə hallarının və süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi intensiv nəzarət tədbirləri görür.
Nazirlikdən
AZƏRTAC-a verilən məlumata görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin gündəlik keçirdiyi monitorinqlər zamanı topdansatış müəssisələri tərəfindən ticarət obyektlərinə satış üçün paylanan bəzi ərzaq məhsullarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Aparılan yoxlamalar zamanı bir sıra ticarət obyektlərində malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaradılmaqla əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadılması halları da aşkar edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barədə tədbirlər görülüb.
Dövlət Xidmətinə daxil olmuş vətəndaş müraciətləri də operativ olaraq araşdırılır. Araşdırmalar zamanı bəzi təsərrüfat subyektləri tərəfindən məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilib və həmin təsərrüfat subyektləri barəsində iş qaldırılıb.
Görülmüş tədbirlərin nəticəsi olaraq, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir, artım müşahidə edilmir.
Bununla belə, nazirlik intensiv nəzarət tədbirləri görür və bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.