Ölkə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ATƏT-in xüsusi nümayəndəsi ilə görüş olub

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisi, səfir Mədinə Carbusınova ilə görüş olub.


Nazirlikdən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsinin ofisinin və Bakı ofisinin əməkdaşları da iştirak ediblər.


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin dinamik tərəqqisini təmin edən uğurlu siyasətində sosial sahənin daim prioritet təşkil etdiyini vurğulayıb. Əhalinin rifah halının yüksəldilməsi, sosial cəhətdən həssas qruplara dövlət qayğısının artırılması sahəsində əldə olunan nailiyyətləri qeyd edən nazir, insan alveri qurbanlarının və insan alverinin potensial qurbanı ola biləcək şəxslərin sosial müdafiəsi və sosial reabilitasiyasının ölkədə aparılan sosial siyasətdə mühüm yer tutduğunu bildirib.


Qeyd edib ki, ƏƏSMN-nin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən təkcə ötən il insan alveri qurbanı və insan alverinin qurbanına çevrilmək riski olan şəxslərdən ibarət 100-dək insana müvafiq yardımlar göstərilib. Həmin şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı əsasında işlər aparılıb, onlar maddi, tibbi, hüquqi, psixoloji yardımlarla təmin olunub, onların məşğulluğu, peşə reabilitasiyası və s. istiqamətlərdə konkret işlər görülüb. Eyni zamanda, insan alveri qurbanları ilə etik davranış qaydaları barədə ayrı-ayrı qurumlarda maarifləndirmə tədbirləri, həmçinin ötən il respublikanın regionlarındakı peşə məktəbi və liseylərdə gənclərin iştirakı ilə insan alverinə qarşı mübarizə mövzusunda silsilə təlimlər keçirilib.


S.Müslümov dövlətimizin başçısının 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə ölkədə insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edildiyini bildirib. Bu sənəddə digər tədbirlərlə yanaşı, insan alverinə şərait yaradan sosial problemlərin həlli, sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması üçün çoxşaxəli tədbirlər əhatə olunub.


İnsan alveri qurbanları ilə fəaliyyət sahəsində ATƏT-lə əməkdaşlığın daim genişləndiyini bildirən nazir insan alveri ilə mübarizə, habelə insan alverindən zərər çəkmiş insanlara sosial yardımın göstərilməsi ilə bağlı bu təşkilat tərəfindən təşkil olunan müxtəlif tədbirlərdə iştirakın təmin edildiyini bildirib. S.Müslümov ölkəmizdə qeyd olunan sahədə fəaliyyətin səmərəli qurulmasında, xüsusən maarifləndirmə işlərinin aparılmasında ATƏT-lə əməkdaşlığın önəmindən bəhs edib, qarşıdakı dövrdə də bu əməkdaşlığın uğurla davam etdirilməsinə xüsusi diqqət yetiriləcəyini vurğulayıb.


M.Carbusınova ölkəmizdə daim güclənən sosial siyasət kursunun insan alverindən zərər çəkmiş insanları da əhatə etməsinin, habelə insan alverinin qurbanına çevrilmək riski olan şəxslərlə bağlı aparılan işlərin təqdirəlayiq olduğunu vurğulayıb. O, ATƏT-in digər sahələrdə olduğu kimi, bu sahədə də gələcəkdə ölkəmizlə əməkdaşlığı genişləndirmək və görülən işlərin dəstəklənməsini davam etdirmək əzmində olduğunu nəzərə çatdırıb.


Görüşdə insan alveri qurbanlarının və sosial cəhətdən həssas qruplardan olan şəxslərin insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması sahəsində görülən işlər və bu sahədə əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadilələri aparılıb.