Dünyanın tanınmış onkoloqları Bakıda
Bakı, 14 mart, E. Hüseynov,
AZƏRTAC
Martın 14-də Bakıda onkologiyanın aktual problemlərinə həsr olunmuş beynəlxalq elmi konfrans öz işinə başlayıb.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Milli Onkologiya Mərkəzinin və ABŞ-ın MD Anderson Xərçəng Mərkəzinun birgə təşkil etdiyi konfransda onkologiyanın aktual problemləri - müasir diaqnostika, süd vəzi xərçənginin müalicəsi və rekonstruktiv cərrahiyyəsi, uşaq onkologiyası, baş-boyun xərçəngi xəstəlikləri, virus hepatitləri olan xəstələrin, həmçinin xəstələrin reanimasiya şəraitində idarə olunması sahələrinə müasir yanaşma məsələləri müzakirə edilir.
Konfransın keçirilməsində əsas məqsəd dünyanın nüfuzlu, aparıcı mərkəzləri arasında beynəlxalq koordinasiya mexanizminin işlənib hazırlanması , ayrı-ayrı sahələr üzrə dünya şöhrətli alimlər, tədqiqatçılar və həkimlərlə əlaqələrin qurulması, bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin ən son nailiyyətlərinin elmi müzakirəsini reallaşdırmaq üçün imkan yaratmaqdır.
Qonaqları salamlayan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev bildirib ki, ABŞ, Almaniya, Avstriya, Türkiyə, ümumiyyətlə dünyanın 20-dən çox ölkəsindən Bakıya gəlmiş nüfuzlu alim, tədqiqatçı və aparıcı mütəxəssislər onkoloji xəstəliklərin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində azərbaycanlı həmkarlarının gördüyü işlər, əldə etdiyi nəticələrlə tanış olacaq, eyni zamanda onlarla öz tədqiqat və təcrübələrinin sirlərini bölüşəcəklər.
Qeyd olunub ki, iki gün davam edəcək konfransda onkoloji patologiyaların diaqnostikası və müalicəsinin təfərrüatları, elm, tibb və səhiyyənin müxtəlif aktual problemləri, onkologiya qarşısında duran vəzifələr və onların potensial həlli yolları da daxil olmaqla, bir çox mövzular da həm plenar iclaslarda, həm ustad dərslərində, həm də sərbəst təmaslar zamanı müzakirə ediləcəkdir.
Onkologiya sahəsində dünyanın tanınmış mütəxəssisləri - professor Banu Arun (ABŞ), professor Tezer Kutluk (Türkiyə), professor Aksel-Mario Feller (Almaniya), professor Martin Burian (Avstriya) və professor Əziz Əliyevin (Azərbaycan) məruzələrinin planlaşdırılması konfransın əhəmiyyətini daha da artırır.
Beynəlxalq elmi konfrans öz işinə martın 15-də yekun vuracaqdır.