İqtisadiyyat

Dünya Bankı Azərbaycan ilə əməkdaşlığı Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsi ilə gücləndirəcək

Metbuat.az

Bakı, 11 mart,

AZƏRTAC

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Henri Keralinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, görüş zamanı Dünya Bankının Azərbaycanda maliyyələşdirdiyi cari layihə portfeli və yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması ilə əlaqədar olaraq növbəti iki il üzrə mümkün maliyyələşmə proqramı, eləcə də bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.


Görüşdə Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun davamlı inkişafı, maliyyə, o cümlədən bank sektorunun iqtisadi inkişafda rolunun daha da artırılmasına dair ətraflı məlumat verib.


Henri Kerali ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək, gələcəkdə Azərbaycan ilə əməkdaşlığın Dünya Bankının yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi vasitəsilə gücləndiriləcəyini bildirib.


Görüşdə, həmçinin Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.