Dövlət Departamentinin azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı
Bakı, 20 mart,
AZƏRTACXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin Azərbaycanla bağlı verdiyi son bəyanata münasibət bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan Respublikasında qanunun aliliyi təmin olunub və davamlı demokratik inkişaf yolunda ardıcıl addımlar atılır.
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərinə sadiqdir və əməli fəaliyyəti ilə bunu nümayiş etdirir. Bütün bu tədbirlər ilk növbədə Azərbaycan hökumətinin fəaliyyətinin əsasını təşkil edən Azərbaycan vətəndaşlarının mənafeyi naminə edilir. Heç kim siyasi baxışlarına görə təqib edilmir.
Azərbaycana çağırış edən Dövlət Departamentinin Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxartmaq üçün ATƏT üzrə öhdəliklərini və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmək üçün Ermənistana israrlı çağırış etməsi və azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpa edilməsi məsələsini qaldırması daha təqdirəlayiq olardı.