İqtisadiyyat

Dollara qarşı ərəb yürüşü: manat ağırlaşacaq

Metbuat.az
Dünya bazarında xam neftin qiymətlərinin aşağı düşməsi nəticəsində Azərbaycanın valyuta gəlirlərinin azalmasından bəhs edənlər Səudiyyə Ərəbistanı və ümumiyyətlə, Fars Körfəzi ölkələrinin proseslərdə maliyyə itkiləri versələr də, siyasi dividendlər əldə etdiklərindən danışır, yazırlar.
 
Amma Fars Körfəzindəki ərəb ölkələrinin xam neft satışlarından ifrat asılılığı, zəmin ölkələrdə yaşanan çox ciddi sosial-siyasi və dini-etnik problemlər barədə danışan azdır.


 
Çünki bəhs etdiyimiz problemlər indiyədək dünya bazarına çıxarılan xam neft satışlarından əldə edilən pul selinin arxasında "görünməz" qalırdı.
Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əziz əl Səud proqram nitqi söyləyərək bundan sonrakı hakimiyyətinin əsas istiqamətlərini müəyyənəşdirib. O, illərdən bəri söylənən, amma rəsmi Ər-Riyadın mövcudluğunu etiraf etmədiyi problemlərə işarə vurub.
 
Həmin problemlər isə neft ucuzlaşandan sonra Səudiyyə Ərəbistanının dövlət büdcəsində ağır problemlərin yaranması ilə daha da kəskinləşib.
Ölkənin dövlət aparatı, ordu və təhlükəsizlik xidmətinin saxlanmasına böyük məbləğdə pullar gərəkdir.
Ona görə də səudilərin Vaşinqtondakı hamilərini çox narazı salacaq qərarlar qəbul etmələri qaçılmazdır.
 
Kral Salman ölkə tarixində faktiki olaraq ilk dəfə etnik və dini zəmində problemlərin varlığını etiraf edib. Səudiyyə Ərəbistanının neftinin böyük qisminin çıxarıldığı şərq bölgələrinin yerli sakinlərinin əksəriyyəti şiələrdir. Onlar neft gəlirlərinin bölüşdürülməsində ən sonuncu yer tutmalarından narazıdırlar.
Üstəlik, Səudiyyə Ərəbistanının bölgədəki əsas geosiyasi rəqibi İran yaranmış vəziyyətdən maksimum səviyyədə istifadə etməyə çalışaraq Ər-Riyaddakı mərkəzi hakimiyyətdən narazı səudilərə indiyədək dolayı yolla verdiyi dəstəyi artıq aşkarlaşdırıb.


 
Yaşananlar, təbii ki, Səudiyyə Ərəbistanındakı kral sülaləsinin dayaqlarını möhkəmləndirən amillər deyil.
Ər-Riyad üçün problemin həlli neftin bahalaşması və bununla da büdcə gəlirlərinin artmasıdır.
Krallığın büdcəsi isə "Arab Light" markalı neftin 1 barrelinin 80 dollara satılmasına hesablanıb.
Təbii ki, kral Salman Səudiyyə Ərəbistanının üzləşdiyi çətinliklərin həlli qismində effektiv variant təki iqtisadiyyatın qeyri-neft sektorlarının inkişafını və xam neft satışlarından asılı olmayan sahələrin intensivləşdirilməsini gördüyünü deyib.
 
Buna kəskin ehtiyac var, çünki Səudiyyə Ərəbistanının ümumdaxili məhsulunun 45 faizini neft gəlirləri təşkil edir.
Lakin səhrada neft pullarından asılı olmayan, müasir, dünya miqyasında rəqabətə tab gətirə biləcək və ən başlıcası, ixrac üçün mal və məhsullar istehsal edəcək, çağdaş texnologiyalar əsasında işləyəcək sektorlar yaratmaq asan iş deyil.
 
Səudiyyə Ərəbistanının sənayesinin neft hasilatı və nəqli istisna olmaqla çox primitiv səviyyəsini nəzərə alsaq, Ər-Riyadın alternativ planları reallaşana qədər iqtisadiyyat sadəcə, kollapsa uğrayacaq.
 
Fars Körfəzindəki bütün ərəb monarxiyalarının dövlət başçıları kimi, kral Salmanın yalnız iki çıxış yolu var. O, məhz bu variantları gerçəkləşdirə bilərsə, ağır vəziyyətdən virtual yol, real olaraq çıxa bilər.


 
İlk yol dünya neft bazarında hazırda tutduğu əhəmiyyətli mövqelərə və oynadığı rola istinadən edə biləcək Səudiyyə Ərəbistanı xam neft hasilatını tədricən aşağı salmağa başlaya bilər. Az sonra Ər-Riyad onunla sıx əlaqələrə malik, ondan asılı ərəb monarxiyalarını da bu yola sövq edə bilər.
Xam neft idxalından asılılıqdan qurtulmağa çalışan və neft satışlarından əldə etdiyi pullarla büdcələrini formalaşdıran dövlətlərə, xüsusilə də Rusiya, Venesuela və İrana zərbə vurmaqda olan ABŞ şist nefti hasilatını artırmağta can atdığından ilk variantın həyata keçirilməsi şəraitində Səudiyyə Ərəbistanının gəlirləri azala bilər.
 
Olsun.
 
Dünyada neft ehtiyatları tükənməz deyil və zaman neft ölkələrinin xeyrinə işləyir, çünki vaxt keçdikcə ehtiyatlar azalacaq, xam neftin qiyməti isə qalxacaq.
Neft ucuzlaşması prosesi uzun müddət əsla davam edə bilməz və bunun sonu bazarın yenidən bahalı neftlə qarşılaşması ilə sonuclanacaq.
Səudilərin ikinci yolu da var: onlar yüz milyardlarla dollarlıq ehtiyat fondlarını xərcləməyə başlayaraq ölkədəki sosial-iqtisadi problemlərin həllinə start verə bilərlər.
 
ABŞ dollarındakı ehtiyat fondları Birləşmiş Ştatların qiymətli kağızlarında saxlanılan "ticeris" aktivləridir. Səudilər belə pulları xərcləməyə başlasalar və "kisənin ağzını" açsalar, qlobal miqyasda ABŞ dolları sürətlə ucuzlaşacaq. Axı bazara heç nə ilə təmin olunmamış yüz milyardlarla dollar çıxarılacaq.


 
Səudiyyə Ərəbistanının kralı Salmanın seçəcəyi variantların hər ikisi xam neft hasilatından əhəmiyyətli gəlirlər əldə edən dövlətlər, o cümlədən Azərbaycan üçün sərfəlidir.
 
Səudilər neft hasilatının səviyyəsini azacıq aşağı salan kimi dünya bazarlarında xam neftin bahalaşması başlanacaq və bununla da Azərbaycanın əldə etdiyi gəlirlər artacaq.
Neftin bahalaşması qiymətləri onun satış dəyəri ilə müəyyənləşdirilən təbii qazı da bahalaşdıracaq və bu da avtomatik qaydada Bakının daha çox gəlir əldə etməsi ilə nəticələnəcək.
 
İkinci variant, yəni səudilərin ABŞ xəzinədarlığının qiymətli kağızlarından ibarət "ticeris" aktivlərinin satışlarına başlaması təqdirində də Bakı udacaq ölkələr arasındadır.
Belə aktivlərin bazara çıxarılmasından sonra ABŞ dolları stabil milli valyutalar, xüsusilə də kursu bivalyuta zənbili ilə müəyyənləşdirilən manat təki valyutalarla müqayisədə ucuzlaşacaq.
 
Bu variant da Bakının gəlirlərinin artması və manatın mövqelərinin möhkəmlənməsi ilə sonuclanacaq.


 
... Fars Körfəzindəki ərəb monarxiyalarında maraqlı proseslər başlanıb.
Hər şey ola bilər.
 
Mümkündür ki, kral Salmanın səhhəti pisləşsin: illah da ki, səudi taxt-tacına iddialı yüzlərlə şahzadə var.
 
Mümkündür ki, gözünü qan örtmüş İŞİD reallıq hissini ümumiyyətlə itirsin və Səudiyyə Ərəbistanının monarxiyasını sınağa çəksin.
 
Mümkündür ki, Səudiyyə Ərəbistanında yenə də hansısa "demokratik qüvvələr", "azadlıq carçıları" aktivləşsinlər və etirazlara başlasınlar.
 
Mümkündür ki, Səudiyyə Ərəbistanındakı əs Səud sülaləsinin tapındığı vəhhabilikdən də "saf islam" arayanların yeni təriqəti yaransın.
 
Heç nə istisna deyil.


 
Və o da aşkardır ki, dünya neft bazarında qiymətləri aşağı salmaq üçün Səudiyyə Ərəbistanının hasilat həcmlərindən alət kimi istifadə edən ABŞ-ın avantürası uğursuzluğa düçar olsun, geosiyasi məğlubiyyət yaşansın və "qara qızıl"ın sürətli bahalaşması ilə yanaşı, dolların fraqmentasiyası başlansın.
Sadalananlar bir qədər apokaliptik ssenari təsiri bağışlayır.
 
Di gəl, son illərin hadisələri göstərir ki, özlərini çox böyük və qüdrətli sayan dövlətlər elə ambisiyaları həcmdə problemlərlə qarşılaşırlar.

Elçin Alıoğlu
Milli.Az