İqtisadiyyat

Dmitri Pumpyanski: Azərbaycanla əlaqələrimiz yeni səviyyəyə yüksəlib

Metbuat.az

Moskva, 24 mart,

AZƏRTAC

.


Sverdlovsk vilayətindəki “Sinara” qrupu Azərbaycana magistral yük elektrovozları və beş ədəd “Lastoçka” elektrik qatarı göndərilməsi haqqında uğurlu danışıqlar aparır.


Sverdlovsk vilayət qubernatorunun informasiya siyasəti departamenti bildirir ki, “Sinara” qrupunun direktorlar şurasının sədri Dmitri Pumpyanski bu haqda qubernator Yevgeni Kuyvaşevlə görüşdə məlumat verib.


Görüşdə vurğulanıb ki, keçən il mart ayında regionun qubernatoru Yevgeni Kuyvaşevin rəhbərliyi Sverdlovsk vilayəti nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində nəzərdə tutulmuş planlar regionun iqtisadiyyatı üçün sanballı biznes-layihələr şəklində həyata keçirilir.


Regionun rəhbəri deyib: “Azərbaycana birgə səfərimiz yaxşı nəticələri verməkdə davam edir. Məndə olan məlumata görə, Ural vaqonqayırma zavodu Azərbaycana 2900 vaqon satılması haqda kontrakt imzalayır. Azərbaycan Dəmir Yolu ilə əməkdaşlıq haqqında razılıq əldə etmişik”.


Dmitri Pumpyanski sənayeçilərin dəstəklənməsinə görə regionun rəhbərinə təşəkkür edib. “Qruppa Sinara” Qapalı Səhmdar Cəmiyyətinin direktorlar şurasının sədri deyib: “Səfər faydalı və çoxplanlı idi, Azərbaycan Respublikası ilə əlaqələrimiz yeni səviyyəyə yüksəlib”. D. Pumpyanski qubernatora bildirib ki, bu gün müəssisə Azərbaycana magistral yük elektrovozları və beş ədəd “Lastoçka” elektrik qatarı göndərilməsi haqqında uğurlu danışıqlar aparır.


Ural sənayeçilərinin Azərbaycandakı tərəfdaşları ilə qarşılıqlı fəaliyyəti 2014-cü ilin mart ayında Orta Ural - Azərbaycan işgüzar forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevlə görüşünün nəticələrindən biri olub. Sverdlovsk nümayəndə heyətinə Uraldakı 30-a yaxın aparıcı müəssisənin rəhbərləri daxil idi. Sverdlovsk vilayəti ilə Azərbaycanın əməkdaşlığının əsasını bu iki regionun hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında 2006-cı ildə on il müddətinə imzalanmış Saziş təşkil edir. Azərbaycan MDB ölkələri arasında (Gömrük Şurasından kənar) Sverdlovsk vilayətinin əsas ticarət tərəfdaşıdır. 2013-cü ilin yekunlarına görə Regionun və dost ölkənin xarici ticarət dövriyyəsi 277 milyon dollar olub, beş il ərzində bu göstərici 2,7 dəfədən çox artıb. Sverdlovsk vilayətinin ərazisində 50 mindən çox azərbaycanlı yaşayır və işləyir.


Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva