Daxili Qoşunların Nərimanov rayonundakı “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüş keçirilib
Bakı, 17 mart,
AZƏRTACMartın 17-də Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi xalqımızın ən əziz bayramlarından sayılan Novruz bayramı münasibətilə Daxili Qoşunların rayonda yerləşən “N” saylı hərbi hissəsində şəxsi heyətlə görüşüb.
Rayon rəhbərliyinin, Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının müavini Vidadi Əliyevin və hərbi hissənin şəxsi heyətinin qatıldığı tədbirdə çıxış edərək onları bayram münasibətilə təbrik edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov Silahlı Qüvvələrimizin formalaşmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu söyləyib. O, Ulu Öndərin ordu quruculuğu çərçivəsində Daxili Qoşunların da təkmilləşməsinə böyük önəm verdiyini vurğulayıb. Daxili Qoşunların şəxsi heyətinin ərazi bütövlüyümüzün və suverenliyimizin, dövlətçiliyimizin, milli mənafelərimizin keşiyində hər zaman ayıq-sayıq dayandığı, ölkəmizdə daxili sabitliyin, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında əsas qüvvələrdən birinə çevrildiyi qeyd edilib.
Daxili Qoşunların qısa zamanda böyük inkişaf yolu keçdiyi, torpaqlarımızın qorunmasında fədakarlıq və qəhrəmanlıq nümunələri göstərdiyi, yüzlərlə şəhid verdiyi, Azərbaycan xalqına, dövlətçiliyinə xidmətin Daxili Qoşunların fəaliyyətində daim aparıcı istiqamət olduğu və sonrakı illərdə respublikamızda daxili sabitliyin və əmin-amanlığın təmin olunmasında əzmkarlıq nümayiş etdirdiyi, qoşunların yüksək peşəkarlığa və mənəvi-psixoloji hazırlığa malik mobil bir quruma çevrildiyi diqqətə çatdırılıb.
Bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tələblərinin və göstərişlərinin, xüsusi diqqət və qayğısının nəticəsi olaraq ordumuzun qarşısına qoyulan istənilən döyüş tapşırığını keyfiyyətlə yerinə yetirməyə və mənfur düşməni hər an məhv etməyə qadir olduğu vurğulanıb.
Sonra əsgərlərə bayram sovqatı paylanıb.
Tədbirdə xidmətdə fərqlənən əsgər, gizir və zabitlər rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri ilə mükafatlandırılıblar.
Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı əsgərlərimizdə xoş ovqat yaradıb.