Dünya

Çin hökuməti nə vaxt dağılacaq? - ARAŞDIRMA

Metbuat.az

“Çinin kommunist hakimiyyətinin son oyunu artıq başlayıb və bir çoxlarının düşündüyündən daha da irəli gedib” – Çinin nüfuzlu alimlərindən Devid Şambonun 7 mart tarixində “The Wall Street Journal” qəzetində çıxan məqaləsində yazılıb.

 
Çinin iqtidarda olan Kommunist Partiyası dağılmaq üzrədirmi? Çinin bir neçə nüfuzlu şəxslərindən bu haqda öz fikirlərini bildirmələrini xahiş etdik:
 
Con Hopkins Unisversitetinin (ing. Johns Hopkins University) sosiologiya kafedrasının dosenti Ho-fung Hung:
 
Çin Kommunist Partiyasında (ÇKP) problemlər olduğu ilə bağlı Şambo ilə təkcə gətirdiyi arqument və sübutlara görə yox, eyni zamanda onun partiyanın elitası haqqında dərin biliyi və partiya ilə uzunmüddətli əlaqəsi olduğuna görə razıyam. Bu problemlərin partiyanın hakimiyyətinə son qoyub-qoymayacağını təxmin etmək isə çətindir. Bu səfər ÇKP-nin son oyunu ilə bağlı proqnoz gerçəkləşməmiş əvvəlki proqnozlar kimi, ya da yalançı çobanın hekayəsi kimi də ola bilər: ilk iki dəfə gəlməyən canavar sonda, heç kimin inanmadığı vaxtda gəlir. Uzun sözün qısası, ÇKP çox böyük çətinliklərdən keçir. Bunların öhdəsindən necə gələcəyi isə məlum deyil.
 
Si Tszinpin (Xi Jinping) çox az legitimlik mənbəsi ilə hakimiyyətə gələn liderdir. Çin Xalq Respublikasının qurucuları arasında Mao və Deng olub. Deng öz davamçıları Tsyan Tsemin (Jiang Zemin) və Xu Szintaonu (Hu Jintao) xüsusi məqsədlə seçdi, belə ki hər iki şəxs hakimiyyətə gələrkən partiya böyükləri tərəfindən dəstəklənirdi. Si Tszinpinin keçmişdə əyalət idarəsi ilə məşğul olmasına baxmayaraq, partiya fraksiyaları arasında güzəştə gedilərək seçilən ilk liderdir.
 
Çin prezidentinin iqtidara gəldiyi dövrdə keçmiş liderlər Bo Xilai və Zou Yongkangın qeyri-adi şəkildə devrilmələrindən sonra müəmmalı Uang Lijun (Wang Lijun) hadisəsi baş verdi. Çenduda yerləşən ABŞ konsulluğunda saxlanılan Uangın əslində Amerika diplomatlarına nə dediyi və sonda Pekinə hansı məxfi məlumatı çatdırdığı məlum deyil. Ancaq onun digər mahal başçılarının çevriliş etməklə Si Tszinpini devirmək planını ifşa etdiyi ilə bağlı çıxan şayiə heç də məntiqsiz səslənmir. Əgər bu, doğrudursa, Çin prezidentinin korrupsiya ilə mübarizə kampaniyasında digər fraksiyaların çıxarılması partiya daxilində qorxu yaratmaqla hörmətsizlik edən elitanın tabe edilməsi üçün göstərilən ümidsiz bir cəhddir.
 
Si Tszinpinin təmizləmə strategiyası, təbii ki, ona yeni düşmənlər qazandırır və partiya elitasının əksəriyyətinin öz müqəddəratları haqqında narahat olmalarına səbəb olur. Bu narahatlığı keçirən elitadan bəzilərinin Tszinpini devirmək üçün sui-qəsd hazırlamaları təəccüblü olmaz. Sevilməyən liderlərə qarşı belə bir çevriliş ÇKP üçün yad deyil – 1976-cı ildə dörd liderdən ibarət partiya fraksiyasını (ing. Gang of Four), bir neçə il sonra da partiya sədri Hua Guofengi devirən çevrilişlər olub.
 
İkincisi, partiya daxilində qarşıdurma iqtisadiyyat baxımından mümkün ən pis vaxtda özünü göstərir. Bəli, 7,4 faiz illik artım sürəti iqtisadiyyatı inkişaf etməkdə olan bir çox ölkələr üçün qibtə ediləcək bir rəqəmdir. Ancaq Çin iqtisadiyyatının artan borcları və daha da pisləşən işsizlik problemi ilə iqtisadiyyatın zəifləməməsi üçün daha yüksək artım sürəti lazımdır.
 
Çinin 2008-2009-cu illərdə tətbiq olunan iqtisadiyyatı canlandırma proqramından sonra böyük məbləğdə borcların yığılması narahatlıq doğurur. Çinin borcunun ÜDM-ə nisbəti 2008-ci ildə 147 faiz təşkil edib, indi isə bu göstərici 282 faizdir və hələ də artmaqdadır. Bu rəqəm iqtisadiyyatı inkişaf etməkdə olan digər ölkələrlə müqayisədə olduqca yüksəkdir. İqtisadi böhran şirkətlərin mənfəətinin azalmasına və yerli hökumət orqanlarında gəlir əksikliyinə səbəb olacaq, bu da xidmət göstərilməsində və borcların ödənməsində çətinliyi artıracaq. Borc öhdəliklərinin yerinə yetirilməməsi, bununla da artım sürətinin azalması böhranı daha da kəskinləşdirə bilər.
 
ÇKP elitası Si Tszinpini və onun korrupsiyaya qarşı başlatdığı kampaniyanı nə qədər bəyənməsə də, stabilliyi pozmamağı üstün tutur. Onlar dövlətin mühafizəsi olmadan əhəmiyyətsiz olduqlarını və rejimin dağılması ilə imtiyazları üçün daha böyük təhlükə yaranacağını bilirlər. 1989-cu ildə Tiananmen Meydanındakı etiraz nümayişlərindən sonra ölkədə uzlaşma yaradıldığı illərdə Çinin vətəndaş cəmiyyəti və müxalif fikirli tərəfləri o qədər qorxaqlaşıb çıxılmaz vəziyyətə düşdülər ki, indi rejimdəki problemlərdən öz xeyirlərinə istifadə edə bilmirlər.
 
Çin prezidenti korrupsiya ilə mübarizə kampaniyası vasitəsilə getdikcə hakimiyyətini gücləndirir, yoxsa hələ də məğlubedilməzlik pərdəsi arxasında legitimliyin kifayət qədər olmamasından əziyyət çəkir? Bunu yalnız zaman göstərəcək.
 
Rüblük İqtisadi İcmalın (ing. China Economic Quarterly) redaktoru Artur Kreber:
 
Nə Çin, nə də Kommunist Partiyası dağılır. Bu fikri bildirmək üçün üç səbəbim var. Birincisi, Şambonun bəhs etdiyi amillərdən heç biri tənəzzül halının olduğunu güclü şəkildə təsdiqləmir. İkincisi, sübutlar göstərir ki, Si Tszinpinin hökuməti zəif və çarəsiz vəziyyətdə deyil, əksinə güclü və tez uzlaşandır. Üçüncüsü, sistemli siyasi dəyişiklik etməyə çalışan qüvvələr partiyadan daha zəifdirlər.
 
Şambo sistemin dağılmaq üzrə olduğunu ona görə düşünür ki, varlı insanlar sərvətlərini xaricə daşıyır, Si Tszinpin KİV və elmi fəaliyyəti məhdudlaşdırır, rəsmilər keçirilən görüşlərə can yandırmır, ölkədə korrupsiya hökm sürür və iqtisadiyyat çıxılmaz vəziyyətdədir. Bunlar inandırıcı arqumentlər deyil. Düzdür, Çində yaşayan bir çox varlı insanlar həm təhlükəsiz bir sığınacaq tapmaq, həm də Çində artım sürəti azaldıqca öz investisiya portfellərinin diversifikasiyası üçün pullarını xaricə köçürürlər. Ümumi götürdükdə isə kapitalın xaricə axın səviyyəsi o qədər də yüksək deyil və varlı çinlilərin bir çoxu hələ də öz iqtisadiyyatlarına investisiya qoyur. Qaydaların yüngülləşdirilməsindən sonra şəxsi biznes quranların sayı 2014-cü ildə 45 faiz artıb, bu da sahibkarların hələ ümidlərini itirmədiyini göstərir.
 
İfadə azadlığı və vətəndaş cəmiyyəti üzərində sərt nəzarət güclü narahatlıq doğursa da, zəiflik əlaməti deyil. Buna eyni dərəcədə Çinin avtoritar-kapitalist hakimiyyət növünün uğuruna inamın təsdiqi və Çinin davamlı olması üçün liberal-demokratik ideyalara güzəştə getməli olduğu fikrinin rədd edilməsi kimi baxmaq olar. Bu, eyni zamanda korrupsiyaya nəzarətlə də əlaqədardır və Şambonun bunu hakimiyyətin bir oyunu hesab etməsi yanlışdır. Si Tszinpinin sələfi Xu Szintaonun prezidentliyinin sonunda korrupsiya nəzarətdən çıxdı və rejimin süqut etməsi kimi real təhlükə yaratdı. Sistemin stabilləşdirilməsi üçün korrupsiyanı məhdudlaşdırmaq məqsədilə yorulmadan səy göstərilməsi vacib idi və Si Tszinpin də bunu etdi. Çin prezidenti ideologiya da daxil olmaqla, siyasi sistemin bütün aspektləri üzərində tam nəzarət nümayiş etdirmədikcə bu səy bəhrə verə bilməz.
 
İqtisadiyyat və islahatlar proqramına gəldikdə isə ilk növbədə qeyd etməyə dəyər ki, Çinin iqtisadiyyatı dünyanın digər böyük ölkələrində olduğundan daha sürətlə böyüyür. İslahatlar proqramının faydalı olmadığı iddiaları isə faktlarla üst-üstə düşmür. 2014-cü ildə maliyyə sistemini canlandırmaq üçün çox vacib bir proqram başladıldı, nəticədə yerli hökumət borclarının yenidən qurulması başlandı, “bir ailə - bir uşaq” siyasətinin və məişət qeydiyyat sisteminin (huhou system) yüngülləşdirilməsi üçün ilk addımlar atıldı, enerjinin qiymətləndirilməsində mühüm dəyişikliklər edildi, Şanxay və Honq Konq birjaları əlaqələndirildi. Yeni çıxan məlumatlarda zəif maliyyə gəlirlərini artırmaq istəyən “Temasek” kimi holdinq şirkətlərə əsaslanaraq böyük dövlət müəssisələrinin yenidən təşkili üçün tezliklə yeni proqram başladılacağı deyilir. Bu maddi nailiyyətləri rahatlıqla müqayisə etmək olar. Belə ki, Yaponiyanın baş naziri Şinzo Abe iki il əvvəl ölkəsi üçün planlaşdırdığı heç bir islahat proqramında müvəffəqiyyət qazanmamışdı.
 
Son olaraq, Çinin ən böyük və ən önəmli seçici hissəsi olan artan şəhər burjuaziyasının sistemi dəyişməkdə maraqlı olduğunu göstərən heç bir sübut yoxdur. Bu sinfin üzvləri ilə söhbətlərimdə şikayətlər olsa da, ümumilikdə, son 20 ildə Çində maddi cəhətdən gedən inkişafdan razı olduqlarını görürəm. Bəzi müxalifləri çıxmaq şərtilə, bu qrup siyasi islahatların keçirilməsinə və demokratiyaya o qədər də maraq göstərmir. Bunun bir səbəbi o ola bilər ki, Hindistan kimi Asiyanın böyük ölkələrində olan demokratik hakimiyyət bu insanlara ümid vermir. Daha önəmli isə odur ki, onlar nümayəndəli bir sistemdə əhalinin 25 faizini təşkil edən şəhər burjuaziyasının maraqlarının kənd əhalisinin maraqlarına məğlub olacağından qorxmalarıdır. Partiyanın vəziyyəti olduqca gərgin olsa da, onu devirə biləcək yeganə qüvvənin elə özü də eyni vəziyyətdədir.
 
Uzun müddətdir Çinin siyasi tənəzzülü ilə bağlı verilən proqnozlar nəticəsizdir. Proqnozların heç vaxt doğru çıxmaması sadə bir konseptual səhvdən irəli gəlir. Çinin siyasi sistemini olduğu kimi araşdırmaq və onun niyə görə işə yaradığını anlamaq əvəzinə tənqidçilər sistemi görmək istədikləri kimi dəyərləndirirlər. Çində uzun müddət yaşayan biri kimi hökumətin daha açıq, plüralistik və tolerant olmasını istəyərdim. Hökumətin bu aspektlərdən imtina etməsi məni və bir çoxlarını məyus etsə də, onun zəif olduğunu deməyə heç bir əsas vermir.
 
Şambo yeddi il əvvəl “Çin Kommunist Partiyası: Atrofiya və Adaptasiya” (ing. China’s Communist Party: Atrophy and Adaptation) adlı kitabında partiyanın olduqca güclü və davamlı olduğunu, öz problemləri və çətinlikləri olsa da, sistemli tənəzzül üçün real ehtimal olmadığını yazmışdı. Bu, o vaxt üçün də yaxşı dəyərləndirmə idi, indi üçün də.
 
Kolumbiya Universitetinin Jurnalistika Məktəbinin dosenti Hovard Frenç (Howard French):
 
Şambo ilə əlaqədar olan bu məsələdə məni ən çox maraqlandıran onun xüsusi arqumentlərindən daha çox xüsusi diqqətlə hazırlanmış proqnoza verilən cavablardır. Şambonun arqumentlərini təkzib etməyə və onu etibardan salmağa tələsənlər “buna necə cürət edir?”, “o, kim olduğunu düşünür?” kimi suallar verib onun bu proqnozu vermək üçün səbəblərinə belə hücum çəkiblər: o, kiminsə oyuncağı, ya da ən azı hansısa gizli bir qüvvənin agentidir. Bunlarla bərabər Şambonun yaxşı niyyəti də sorğulandı, həmişə Çini məhv etməyə və ya siyasi və iqtisadi modelinə şübhə yaratmağa çalışdıqları söylənən Amerika və ya Qərbin adamı olduğu söyləndi. (Bu, təbii ki, Çinin məhdud cavablarına qədər uzanır. Eləcə də, Çinin təbliğatında on illərlə Qərb demokratiyası və ya kapitalizminin kökündən qüsurlu və dağılmağa məhkum olduğu mövzularının təkrarlandığını unudan “Global Times” qəzeti də eyni dərəcədə böhtanla qarşılıq verib.)
 
Təfərrüata keçməzdən əvvəl ilk növbədə qeyd edilməlidir ki, Şambonun hardan gəldiyini bilmədən onun perspektivini qiymətləndirmək qeyri-mümkündür. Çox az tənqidçi onun elmi fəaliyyətini qiymətləndirib, bundan başqa onun akademiya daxilidə görkəmli və hörmət edilən biri olduğunu da qeyd etmək lazımdır. Onun illərlə gördüyü işin əsas xüsusiyyətini və ya əvvəlki yazılarında gəldiyi nəticələri çox az tənqidçi araşdırıb. Məsələn, o, 2008-ci ildə yazdığı Çin Kommunist Partiyası: Atrofiya və Adaptasiya (ing. China’s Communist Party: Atrophy and Adaptation) adlı kitabında partiyanın Sovet İttifaqına dağılmasına necə reaksiya verdiyini və yenidən özünü kəşfə necə başladığını diqqətlə tədqiq edib. Şambo ÇKP-nin bu səylərini yüksək qiymətləndirsə də, 2013-cü ildə çıxardığı Çin Qlobal Aləmdə: Yarım Hakimiyyət adlı kitaba (China Goes Global: The Partial Power) qədər artıq Çinin gücünü olduğundan yüksək qiymətləndirdiyimiz, zəifliyini isə gözardı etdiyimiz qənaətinə gəldiyini görürük. Bütün bunları izah etməyə dəyər, çünki Şambonun “sistemin tənəzzülü” fərziyyəsi sizi təəccübləndirsə də, heç nədən yaranmayıb.
 
Bu müzakirədə kifayət qədər toxunulmamış növbəti ən mühüm məsələ odur ki, Çinin və ya dünyanın vəziyyətinin 20, hətta 10 il ərzində necə olacağını heç kim bilmir. Mao Tsedun Sovet İttifaqına qarşı ABŞ-la yaxınlaşdı və bunun ölkəyə kapitalizm gətirdiyini deyə bilərik. Maonun məqsədi isə bu deyildi. Keçmiş lider Deng Xiaoping isə kapitalizmi qəbul etdi və bu, demək olar ki, partiya üçün demokratikləşmə məsələsi ətrafında böhran yarada bilərdi. ABŞ da Sovet İttifaqına qarşı Çinə dəstək göstərdi, ABŞ-ın başqa məqsədi də bazarlara çıxış əldə etmək idi. Dövlət məsələlərində və beynəlxaql işlərdə istənməyən, arzu olunmayan nəticələr özünü göstərdi və Si Tszinpin hakimiyyətinin ilk illərində nə qədər iddialı və qətiyyətli görünsə də, şübhəsiz ki, Çin arzusunu reallışdırmaq istəyi xəyalına belə gətirə bilməyəcəyi nəticələr verəcək. Çin prezidenti öz inamı ilə ölkədəki güclü narahatlığı əvəz etməyə çalışır.
 
Çinin məlum problemləri ilə bağlı konkret məsələlər haqqında digərləriylə razıyam, ancaq bir neçə məqam var ki, olduqca aydın görünür. Çinin erkən və bəzilərinin də dediyi kimi asan yüksəliş dövrü bitib. Bu dövrdə ağılsız fəaliyyət dayandırıldı və özlərinə zərər verildi. Burdan irəliləmək daha da çətinləşir. Bu, o deməkdir ki, artım sürətinin nisbətən yüksək olmasını təmin etmək üçün çarə tapmaq lazım gəlir. Bütün amillər isə iqtisadi yavaşlamaya işarə edir. Bu, o deməkdir ki, ətraf mühitlə bağlı görünməmiş miqyasda problemlərin öhdəsindən gəlmək, orta sinfin yaranması ilə məşğul olmaq, getdikcə pisləşən korrupsiyanı məhdudlaşdırmaq, gərgin münasibətlərin olduğu qonşu ölkələrlə problemlərin, etnik, regional gərginliklər və kəskin bərabərsizlik məsələlərinin həll edilməsi, demoqrafiya üzrə kəskin və xoşagəlməz dəyişiklərlə məşğul olmaq lazımdır.
 
Bütün bunların nə ilə nəticələnəciyini bilmirik. Çinlə əlaqədar göstərə biləcəyimiz hər bir uğur üçün ən azı bir açıq və ciddi problemə və ya potensial tənəzzülə istinad etmək asandır. Şambonun partiyanın dağılacağı ilə bağlı proqnozu ilə tam razılaşmasam da, bu, oxucu üçün diqqətsizliklə verilmiş bir proqnoz deyil. Nə bu, nə də bunun əksi – Çinin nisbi müvəffəqiyyətinin davam etməsi – bizi təəccübləndirməlidir.
 
Denver Universitetinin professoru Suişenq Zao (Suisheng Zhao):
 
Bəli, ÇKP rejimi böhran içindədir. Ancaq bu partiya güclə də olsa, bir-birinin ardınca on il sürən xaotik Mədəni İnqilab və 1989-cu il Tiananmen etirazları kimi böhranlardan çıxıb. Partiyanın dağılmaq üzrə olduğu proqnozunu vermək olduqca çətindir.
 
Hazırkı böhran güc və pulun birgə mövcud olduğu dövlət kapitalizminin yaranmasına səbəb olan və bir partiyanın hakimiyyəti altında 30 il sürən bazar yönümlü iqtisadi islahatlardan sonra başladı. Dövlət rəsmiləri və dövlət müəssisələrinin baş menecerləri iqtisadi gəlirləri izləmək üçün güclü və xüsusi maraq qrupları yaratdılar.
 
Çinin yüz milyonlarla vətəndaşını səhiyyə xidməti, işsizlik siğortası və başqa bir çox sosial xidmətlərdən məhrum edərək sosial təminatı parçaladığı bir vaxtda ölkə gəlirlərə görə qeyri-bərabərlik səviyyəsi ən yüksək olan ölkələr arasında gəlir. Eyni zamanda Çin dünyanın ətraf mühiti ən çirkli ölkələrindən biridir. Çində iqtisadi artım sürəti düşdüyündən böhran daha da pisləşib.
 
4npress.com