Biləsuvarlılar baharın gəlişini sevinclə qeyd edirlər
Biləsuvar, 19 mart, Mahir Babayev,
AZƏRTACRuzi, bərəkət rəmzi olan Novruzun gəlişi martın 19-da Biləsuvarda təntənə ilə qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, səməni və xonçalarla bəzədilən Heydər Əliyev parkında rayonda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsullarından ibarət sərgi, idmançıların nümunəvi çıxışları, məktəblilərin əl işləri, Novruzun xarakterik atribut və ənənələri, milli mətbəximizin nümunələri tədbirinin rəngarəngliyini daha da artırıb.
Kütləvi gəzintidən sonra rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev sakinləri bayram münasibətilə təbrik edib, onlara səadət arzulayıb.
Sonra meydan Biləsuvarın təməlini qoyan bilyər və suvar tayfalarının rəmzi kimi süvarilərin ixtiyarına verilib. Bayram tonqalının qalanması, baharın gəlişini xarakterizə edən digər adətlərin canlandırılması iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bahar qızın bayram təbriki, Kosa və Keçəlin maraqlı oyunları hər kəsdə xoş ovqat oyadıb. Şənlik baharı vəsf edən nəğmələr, rəqs qruplarının ifaları, rayonun özfəaliyyət kollektivlərinin konsert proqramı ilə başa çatıb.
Tədbirdə Qarabağ müharibəsi veteranı, şəhid və kimsəsiz ailələrə bayram sovqatı paylanılıb.