Bazardakı yanğında 2 azərbaycanlı və 1 türk ölüb
Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda yerləşən “Admiral” ticarət mərkəzində baş verən güclü yanğında ölənlər arasında azərbaycanlıların kimliyi məlum olub.
Ümumrusiya Azərbaycan Konqresinin Tatarıstan Respublikası üzrə Regional bölməsinin sədri Ziyafət Qasımovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə zamanı Cəlilabad rayonundan olan 2 nəfər dünyasını dəyişib. Ölənlərdən birinin 40 yaşlı qadın və bir gənc oğlandır.
Hadisə zamanı bir türk vətəndaşı, Kazım adlı şəxs də dünyasını dəyişib.
Ziyafət Qasımovun sözlərinə görə, hadisə zamanı yaralananlar arasında bir neçə azərbaycanlı da var. Onların 9 nəfər olduğu deyilir. Hələlik onların kimliyi məlum deyil.
Xatırladaq ki, “Admiral” TM-də yanğın mart ayının 11-də başlayıb. Çərşənbə günü günortaya qədər yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar. Ticarət mərkəzindən 650 nəfər təxliyə edildikdən sonra binanın uçduğu qeyd edilir. Dağıntılar altında 25 nəfərin qaldığı deyilir. Hazırda ölənlərin sayı 13-ə, yaralıların sayı isə 50-ə çatıb. Yanğının səbəbləri ilə bağlı dəqiq məlumat verilməsə də hadisənin qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur.
Mənbə
ANS PRESS