“Bank Technique” kapitallaşmanı artırır
Bakı, 18 mart,
AZƏRTAC“Bank Technique” ASC-nin rəhbərliyi 8 milyon manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, səhmdarların qərarı bankın hazırkı rəqabət qabiliyyətli mövqelərini qorumaqla fəaliyyətin genişləndirilməsinə yardımçı olacaq. Belə ki, yaxın vaxtlarda bank yeni innovativ məsafəli bankçılıq xidmətlərini və unikal məhsulu – displey-kartları təqdim etməyə hazırlaşır. Həmçinin özünə xidmət prinsipi ilə fəaliyyət göstərən texnoloji şöbələrin yaradılması üzrə konsepsiya qəbul edilib və yaxın vaxtlarda onun tətbiqinə başlanacaq. Əvvəllər olduğu kimi, “Bank Technique” öz inkişaf və tərəqqisini texnologiyalar və internetdə görür.
Bank həmişə olduğu kimi, müştərilərinə qayğı ilə yanaşır və yaxın günlərdə yeni valyuta risklərini rahat qarşılamağa və gəlirliyi artırmağa kömək edən “Siğortalı+” depozit məhsulunu təqdim etməyə hazırlaşır. Yeni planlar, məhsul və xidmətlər gələcəyə nikbinliklə baxmağa və yalnız iddialı hədəflər müəyyən etməyə imkan yaradır.