İqtisadiyyat
Balkanlar da Azərbaycan qazına TAPındı
Rusiyanın "Cənub axını" qaz boru kəmərinin inşasından imtina etməsindən sonra Avropa Birliyi "mavi yanacaq" təminatında problemlərin yaranmaması üçün alternativ marşrutların reallaşdırılmasını maksimum dərəcədə sürətləndirməyə başlayıb.
Həmin marşrutlardan biri də Azərbaycan qazını Avropa Birliyinə nəql edəcək Trans-Adriatik qaz boru kəməridir (TAP).
TAP vasitəsilə Avropaya Azərbaycanın Xəzərdəki "Şahdəniz" yatağında hasil edilən qazı nəql olunacaq. Qaz əvvəlcə TANAP boru kəməri vasitəsilə Türkiyə ərazisi ilə ötürüləcək, sonra da Türkiyə-Yunanıstan sərhədindən 800 kilometrlik TAP marşrutu ilə Yunanıstanın şimalına, oradan da Albaniya və Adriatika dənizindən keçməklə İtaliyaya çatdırılacaq.
Azərbaycanın təbii qazı həmin məkanda Avropa Birliyinin qazpaylama şəbəkəsinə vurulacaq.
Beləcə, Avropaya qaz satışları xəritəsi dəyişir və proses "Şahdəniz" qaz-kondensat yatağında hasil olunan "mavi yanacağın" avropalılara çatdırılmasına yönəlmiş "Cənub Qaz Dəhlizi"nin inşası ilə bağlı işlərin intensivləşdirilməsinə yönəlib.
Üstəlik, Azərbaycan Avropaya əlavə olaraq ildə 4 milyard kubmetr qaz satmaqla Avropa Birliyindəki iqtisadi və siyasi mövqelərini də möhkəmləndirə bilər. Həmin "əlavə" həcmin isə "Ümid", "Abşeron", "Babək", "Şəfəq-Asiman", "Naxçıvan" və s. yataqlardakı hasilat vasitəsilə əldə olunması planlaşdırılıb.
TANAP-TAP layihələri vasitəsilə Türkiyəyə ildə 6 milyard, Avropa Birliyinə isə 10 milyard kubmetr təbii qazın nəqli nəzərdə tutulub. Sonradan bu həcmin 31 milyard kubmetrə çatdırılması istisna deyil.
Bu arada bəlli olub ki, Xorvatiya və Çernoqoriya 2020-ci ilədək Trans-Adriatik qaz kəmərindən (TAP) ayrılacaq yeni qaz kəmərinin tikintisini planlaşdırır.
Belə bəyanatı Bloomberg-ə müsahibəsində hər iki ölkənin iqtisadiyyat nazirləri bildiriblər.
"Regionun bütün ölkələri TAP-a qoşulmaq istəyir. Bu, həmçinin Çernoqoriyaya gələcəkdə qaz yataqlarında aparacağı kəşfiyyat işlərindən gəlir əldə etməyə imkan verəcək", - Çernoqoriyanın iqtisadiyyat naziri Vladimir Kavariç söyləyib (APA).
Xorvatiyanın iqtisadiyyat naziri İvan Vrdolyak isə bildirib ki, hər iki ölkənin "bu layihəyə investorları cəlb etmək üçün siyasi iradəsi var". Onun sözlərinə görə, layihənin dəyəri 754 mln. ABŞ dolları təşkil edir.
"Biz bu layihəyə Bosniya və Herseqovinanın qoşulmasını da istərdik", - deyə xorvatiyalı nazir qeyd edib.
TAP layihəsi “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.
Balkan yarımadasındakı ölkələrin Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq "Cənub Qaz Dəhlizi" marşrutunun tərkib hissələri olan TANAP və TAP-a qatılmaları təsadüf sayıla bilməz.
Türkiyə ərazisində TANAP, Türkiyənin Yunanıstan sərhədindən isə TAP formasında Avropa Birliyinə uzanacaq CDQ marşrutu ilə bağlı Balkan ölkələri arasında yekun və səbatlı qərarını ilk açıqlayan ölkə Bolqarıstan olmuşdu.
Rəsmi Sofiya illər əvvəl gündəmdən çıxarılan və aktuallığını itirdiyi deyilən "Nabucco" layihəsini reanimasiya etməkdə qərarlı olduğunu bəyan etdi, sonra Azərbaycanla müvafiq anlaşma imzaladı.
Bolqarıstandan sonra Albaniya təbii qazımızı almaq istədiyini bildirdi.
İndisə Xorvatiya, Çernoqoriya və Bosniya-Hersoqovina da CDQ layihəsindn yararlanmaq, Azərbaycanın təbii qazını satın almaq niyyətlərini açıqlayıblar.
Rəsmi Bakının yürütdüyü yeni enerji siyasətini Avropa Birliyi, xüsusilə də Almaniya, Britaniya və Fransa tam dəstəkləyirlər. Bu ölkələr təbii qaz təminatı məsələsində Avropanı Rusiyanın asılılığından qurtarmaq üçün Bakının satacağı "mavi yanacağı" çxıış yollarından biri sayırlar.
Britaniyanın energetika naziri Maykl Mellon da diplomatik kazuistikanı bir kənara qoyaraq açıq danışıb: "Britaniya Transxəzər qaz boru kəməri, TANAP və TAP layihələrində Azərbaycanı tam dəstəkləyir. TANAP və TAP layihələrində lider ölkə Azərbaycandır. Britaniya ilə yanaşı, Avropa Birliyi də Bakıya tam dəstək verir. Ukraynadakı böhranla bağlı olaraq Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq olunub. Belə problemlərə görə Avropa Birliyi Rusiyadan qaz asılılığını azaltmaq niyyətindədir".
Orxan Hun
Milli.Az