İqtisadiyyat

Bakı yunan tapmacasını çox asan həll etdi

Metbuat.az
Avropa Birliyinin qaz təminatı ilə bağlı marşrutlar və layihələr arasında rəqabət kəskinləşdikcə hadisələrin axarında da gərginləşmə hiss olunur.
 
Əsas rəqiblər Azərbaycanın layihəsi olan "Cənub Qaz Dəhlizi" (CDQ) ilə Rusiyanın "Türk axını" marşrutlarıdır. Maliyyə, siyasi və geosiyasi maraqlar toqquşur, danışıqlar aparılır, müzakirələr yarımçıq qalır, bəyanatlar verilir, tədbirlər görülür, əks-tədbirlərə əl atılır.
 
Hadisələrin mərkəzində olan məsələlərdən biri də Yunanıstanın DESFA qaz şirkətinin səhmlərinin satışıdır. Həmin satışla bağlı Avropa Birliyinin rəqabət məsələləri komissiyası araşdırmalara başlayıb.
 
Yunanıstanın yeni energetika naziri Panayotis Lafazanis fevralın 10-da bəyan etmişdi ki, ölkənin milli elektroenerji (DEH) və təbii qaz (DEPA) korporasiyaları bundan sonra özəlləşdirilməyəcəklər.


 
Parlament seçkiləri nəticəsində hakimiyyətə gəlmiş SYRİZA partiyasının seçkiqabağı proqramının tərkib hissələrindən biri "əvvəlki səhmdar şirkətlərin milliləşdirilməsi, dövlət nəzarətinə keçirilməsi" vədi idi.
Bu barədə az sonra.
 
Nazir narazıdır
 
Azərbaycan Yunanıstanın qaz nəqli sistemi operatoru DESFA şirkətinin səhmlərinin üçdə ikisinin SOCAR tərəfindən alınmasına dair razılaşmanın Avropa İttifaqının komissiyası tərəfindən bu qədər ləng araşdırılmasından narahatdır.
 
Bu haqda energetika naziri Natiq Əliyev Brüsseldə mənzillənmiş EurAktiv portalına açıqlamasında bildirib (virtualaz.org).
“Bizə maraqlıdır ki, Avropa Komissiyası nəyə görə bu razılaşmanın Avropa İttifaqının antiinhisar normalarına cavab verib-vermədiyini bu cür uzun müddət araşdırır”, - deyə N.Əliyev bildirib.
 
SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Bu sövdələşmə Cənub Qaz Dəhlizində Azərbaycan şirkətinə əlavə üstünlüklər vəd edir. Lakin ötən ilin noyabrında Avropa İttifaqının (Aİ) antiinhisar direktorluğu bu sövdələşmənin nə dərəcədə qanunauyğun olduğunu araşdırmağa başlayıb.


 
Aİ-nin Üçüncü enerji paketinə görə, təchizatçı şirkətlərin eyni zamanda qaz nəqli sisteminə nəzarət etməsinə yol verilmir. Məsələyə baxılması aprel ayına təxirə salınıb.
 
EurAktiv xəbər verir ki, nazir Natiq Əliyev bu sövdələşmə ətrafında vəziyyəti araşdırmaq üçün Brüsselə səfər edib və martın 10-da Aİ-nin energetika məsələləri üzrə yüksək rəsmisi Maroş Şevçoviçlə danışıqlar aparıb. Danışıqlar zamanı N.Əliyev ölkəsinin narahatlığını və narazılığını çatdırıb.
 
Nazir izah edib ki, Azərbaycan bu sövdələşmədə heç bir maraqlar toqquşmasının mövcud olmadığına əmindir. Çünki Yunanıstan ərazisindən TAP kəməri ilə qaz nəql edəcək şirkət SOCAR yox, “Şahdəniz” konsorsiumu olacaq. SOCAR isə bu konsorsiumda cəmi 16,6 faiz, TAP kəmərində isə 20 faiz paya malikdir.
“Bildiyiniz kimi, Azərbaycan hazırda “Şahdəniz”də cəmi 16,6 faizlik paya malikdir. Ona görə də biz hesab etmirik ki, Azərbaycan Yunanıstan ərazisində həm qaz təchizatçısı, həm paylayıcısı, həm də bu qazın mülkiyyətçisi olacaq. Mən ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq”, - deyə N.Əliyev bildirib.
Nazir həmçinin Azərbaycan prezidenti İlham Əliyevin martın 3-də Bolqarıstana səfəri zamanı bu ölkənin baş naziri Boyko Borisovla apardığı danışıqları və “Nabucco” qaz kəməri layihəsinin bərpasına dair səslənən bəyanatları şərh edib.


 
N.Əliyev bildirib ki, Azərbaycan Avropaya qaz nəqli məsələsində Rusiya ilə rəqabətə girmir. Rusiya “Türk axını” kəməri ilə Avropaya ildə 63 milyard kubmetr qaz nəqli planlaşdırır. Azərbaycanın cari planı isə ancaq bundan ibarətdir ki, Aİ ölkələrinə ildə 10 milyard kubmetr qaz nəql etsin. Lakin nazir Azərbaycanın 2,7 trilyon kubmetrə yaxın qaz ehtiyatlarının olduğunu da xatırladıb.
 
Nazirin sözlərinə görə, gələcək layihələr bu dəhlizlə əlavə qaz nəqlinə imkan verəcək, ancaq nəql marşrutu “Nabucco”dan çox fərqlənəcək. N.Əliyev Bolqarıstanda aparılan danışıqlarda Azərbaycanın Yunanıstan-Bolqarıstan qaz kəmərləri sistemini birləşdirən kəmərdə paya sahib olması imkanı əldə edərsə, bu ölkəyə daha çox qaz nəql etmək imkanlarının olmasından da danışıldığını deyib. Azərbaycan Bolqarıstana əvvəl razılaşdırıldığı kimi 1 milyard kubmetr deyil, daha çox qaz verə bilər.
 
“Biz həmçinin Azərbaycanın Bolqarıstanın qaz anbarlarının tutumunun genişləndirilməsi layihəsində iştirak imkanlarını, ölkənin kimya müəssisələrinin qazlaşdırılmasını və modernizasiyasını da müzakirə etmişik”, - deyə N.Əliyev bildirib.
 
Yunanlar nə istəyirlər?
 
Yunanıstanda 2005-ci ildən bəri ölkənin qazpaylama və nəqliyyat sisteminin eksklüziv operatoru, habelə bu sistemin istismarı və inkişafına görə məsul olan struktur DEPA-nın törəməsi olan DESFA-dır.
 
2013-cü ildə SOCAR DESFA-nın səhmlərinin 66 faizinin satışa çıxarıldığı hərracda qalb gəlib.
2012-ci ildə DEPA-nın elan etdiyi tenderdə Rusiyanın "Qazprom" şirkəti də iştirak etmiş və Afinaya "sərfəli" təklif etmişdi. Ancaq Avropanın cənub-şərqindəki ölkələrin təbii qaz təminatı məsələsində Rusiyadan asılılığı daha da artırmaq istəməyən Brüssellə Vaşinqton DEPA-nın rusların nəzarətinə keçməsinə imkan vermədilər.
 
Tenderdə Belçikanın "Fluxys" şirkəti də işirak etmək istəyirdi. Təbii qaz operatoru olan bu şirkət TAP layihəsində 16 faizlik paya malikdir.
Xüləs, 2014-cü ilin noyabr ayında bəlli oldu ki, Avropa Birliyinin rəqabət məsələləri üzrə komissiyası anlaşmanın AB qanunlarına uyğunluğunu yoxlayır. Çünki səhmləri alandan sonra SOCAR Yunanıstanın təbii qaz bazarında həm təminatçı, həm də satıcı kimi çıxış edəcəkdi.


 
Avropa Komissiyası qərarını martın 23-də açıqlayacağını bildirsə də, yekun qərarın aprelin 22-də bəyan ediləcəyini vurğulayıb.
Avropa Birliyi SOCAR-ın anlaşmasının reallaşmasına imkan verməzsə "Fluxys" DESFA-nın səhmlərinin bir qismini satın almağa hazırlaşır.
Yunanıstanın əvvəlki hökuməti SOCAR-la anlaşmanı dəstəkləsə də, indiki iqtidar Avropa Birliyinin yekun qərarını gözlədiyini bəyan edir. Bununla yanaşı, rəsmi Afina TAP layihəsində də maraqlı olduğunu nəzərə çatdırır.
 
Yunanların məqsədləri anlaşılır. Onlar TAP layihəsində pay almaq, təbii qaz tranzitinə görə tariflərə yenidən baxmaq, "mavi yanacaq"la bağlı Azərbaycandan əlavə güzəştlərə nail olmaq, DESFA-nın səhmlərinin 66 faizini yox, sadəcə 49 faizini satmaq istəyirlər.
Bütün bunlar, təbii ki, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasını sürətləndirən amillər deyil.
 
SOCAR TAP layihəsinin payının bir qismini yunanlara verə bilər, amma Yunanıstana satılan təbii qazın qiymətlərini aşağı salmaq mümkün deyil.
TAP layihəsindəki payı ilə bağlı yunanlarla danışıqlar aparmağa hazır olduğunu bildirən SOCAR-ın yeganə tələbi həmin paya görə pulun vaxtında və tam həcmdə ödənməsidir. Bu tələb yunanlar üçün gözlənilməz olduğundan onlar hələ "fikirləşir"lər.


 
DESFA ilə anlaşma isə Bakıya gərəkdir. Çünki bu şirkətin səhmlərini satın alacağı təqdirdə SOCAR "ehtiyat variant"a yiyələnir, DESFA-nın 50 faizlik paya malik olduğu Yunanıstan-Bolqarıstan qaz boru kəmərinə də nəzarəti ələ keçirir. Azərbaycan təbii qazını sonradan bu kəmər vasitəsilə şimala çıxara bilər.
DESFA həm də "Revithoussa" maye qaz terminalına malikdir.
 
Rusiyanın "Türk axını" layihəsi də SOCAR-ın planları üçün problemlər yaradır. Belə ki, bu marşrutla Türkiyə ərazisindən keçirilərək Türkiyə-Yunanıstan sərhədinə çıxarılacaq təbii qazı "Qazprom" konserni orada inşa edəcəyi hab vasitəsilə satmağa hazırlaşır. Belədə İTGİ boru kəməri "Türk axını" marşrutunun Bolqarıstan ərazisindən keçəcək hissəsinə çevriləcək, yaxud da Türkiyə-Yunanıstan-İtaliya marşrutu inşa olunacaq.
 
Bütün bunlara rəğmən Avropa Birliyinin təbii qaz alışlarında Rusiya ilə yeni anlaşmalar imzalayaraq, "Qazprom"un bazardakı payını artıracağını düşünmək də sadəlövhlük olardı.
 
Elçin Alıoğlu
Milli.Az