İqtisadiyyat

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi Qafqaza böyük nəqliyyat axını cəlb edəcək

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Qazaxıstan 2020-ci ilə qədər nəqliyyat infrastrukturunun inkişafına 20 milyard dollar sərmayə yatıracaq.

AZƏRTAC

“BNews.kz.” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Respublikası Baş nazirinin investisiyalar və inkişaf məsələləri üzrə birinci müavini Jenis Kasımbek “Astana-Batumi” biznes forumunda məlumat verib.


J.Kasımbek deyib: “Bu, əsasən, Şərq-Qərb istiqamətində, o cümlədən Xəzər, daha sonra Azərbaycan, Gürcüstan və Türkiyə istiqamətində infrastrukturdur. Biz yeni “Beyney-Jezkazqan” dəmir yolunun, habelə Çindən İran körfəzi və Qafqaz istiqamətində tranzit imkanlarını maksimum cəlb etmək üçün Çinə ikinci keçidin tikintisinə böyük vəsait yatırmışıq”.


Bundan əlavə, gürcü həmkarlar Bakı-Tbilisi-Qars dəmir yolunun inşası üzrə işləri yaxın günlərdə başa çatdırmağı planlaşdırırlar. Bunun sayəsində Qafqaza böyük nəqliyyat axını cəlb olunacaq. J.Kasımbek daha sonra deyib: “Zənnimcə, bu iki layihənin həyata keçirilməsi və Aktau limanının genişləndirilməsi Qafqaz istiqamətində böyük nəqliyyat axını cəlb etməyə şərait yaradacaq”.