İqtisadiyyat

“Bakcell”: “Asan İmza” güzəştli kampaniyasının bitməsinə bir ay qalır

Metbuat.az

[ 30 Mart 2015 18:44 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Bakcell” şirkəti abunəçilərin nəzərinə çatdırır ki, aprelin 30-da “Asan İmza” mobil elektron imza xidmətinə qoşulmaya dair qüvvədə olan güzəştli kampaniyanın müddəti bitir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, ötən ilin mayın 16-dan etibarən qüvvədə olan bu kampaniya çərçivəsində hər üç “Asan İmza” istifadəçi kateqoriyası (vətəndaşlar – fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri, dövlət qulluqçuları) üzrə xidmətə qoşulma qiymətləri endirilərək 18 manat təşkil edib və bununla əvvəlki qiymətlərlə müqayisədə “Asan İmza”nın əldə edilməsi üzrə vətəndaşlara 40%, hüquqi şəxslərin nümayəndələrinə 90%, dövlət qulluqçularına isə 80% qənaət etmək imkanı yaradılıb.

İstifadəçilər arasında “Asan İmza” mobil elektron imzanın artan populyarlığı, eləcə də “Asan İmza”nın effektiv qənaət aləti olduğu nəzərə alınaraq, bu xidmətə qoşulma üzrə qiymətlərin bundan sonra da əvvəlki səviyyədə saxlanılmasına qərar verilib. Beləliklə, cari ilin 1 may tarixindən başlayaraq bütün “Asan İmza” istifadəçi qrupları üzrə xidmətə qoşulma haqqı 18 manat, aylıq abunə haqqı 1 manat, göndərilən 1 SMS ismarıcının qiyməti isə 0,03 manat təşkil edəcək.

Yaxın zamanlarda “ASAN Xidmət” tərəfindən yeni, “Asan Ödəniş” innovativ xidmətinin istifadəyə verilməsi gözlənilir. Bu xidmət vasitəsilə sürücülər “Asan İmza”dan istifadə edərək əlavə qeydiyyatdan keçmədən öz elektron kabinetlərinə daxil olaraq real zaman rejimində yol-hərəkət qaydalarının pozuntusuna görə cərimələrinin olub-olmamasını yoxlaya, cərimənin foto və video materialları ilə tanış ola və cəriməni onlayn ödəyə biləcəklər. Bundan əlavə, “Asan Ödəniş” portalında (www.asanpay.az) avtomobillərinin dövlət nömrə nişanlarını “Asan İmza” vasitəsilə qeydiyyatdan keçirən bütün sürücülər cərimələri barədə Asan Ödəniş sistemi tərəfindən ödənişsiz SMS ismarıclar alacaqlar.

“Asan Ödəniş” sistemində, eləcə də dövlət və özəl təşkilatların təqdim etdiyi elektron xidmətlərdə “Asan İmza”dan istifadəyə marağın daha da stimullaşdırılması məqsədilə, həmçinin may ayında ölkə üçün əlamətdar olan bir sıra tarixləri qeyd edən həmvətənlərimizin bayram ovqatına əlavə sevinc qatmağı hədəfləyərək həmin ayda daha bir həvəsləndirici aksiyanın keçirilməsi qərara alınıb. Qeyd edilən aksiya çərçivəsində “Asan İmza” xidmətinə qoşulmaq istəyən istənilən şəxs xidmətin aktivləşdirilməsi üçün nəzərdə tutulmuş 18 manat məbləğində ödənişi etmədən “Asan İmza” mobil elektron imzanın istifadəçisinə çevrilə biləcək.