Ölkə

Azərbaycanlıların bazarı yandı

Metbuat.az

Tatarıstan paytaxtı Kazanın Kirov rayonundakı "Admiral" ticarət mərkəzində yanğın zamanı 5 nəfər ölüb, 15 nəfər xəsarət alıb.



ANS PRESS-in məlumatına görə, Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat katibi Andrey Radıqin bildirib ki, hadisə yerinə cəlb olunan xilasedicilər yanğını söndürüblər. Hadisəyə səbəb kimi ticarət mərkəzindəki kafe əməkdaşlarının savadsız hərəkətləri göstərilir.



Şahidlərin sözlərinə görə, alışma ticarət mərkəzinin üçmərtəbəli binasının əlavə tikilisindəki kafedən başlayıb. Kafe əməkdaşları yanğından mühafizə bölməsinə dərhal məlumat verməyib, özləri yanğının söndürülməsinə çalışıblar. Lakin bunun səmərəsinin olmayacağını gördükdən sonra yanğınsöndürənlərə zəng edib məlumat veriblər.



Alov qızışdıqdan sonra insanların çıxışı üçün ticarət mərkəzinin xarici qapıları açılıb. FHN əməkdaşlarının hadisə yerinə gələnədək 100 kvadratmetrdən çox ərazi külə dönüb.



Xatırladaq ki, ticarət mərkəzində yanğın ötən gün gündüz saatlarında baş verib və 4 min kvadratmetr sahəyə yayılıb. Binadan 650-dən çox insan təxliyyə edilib. Son məlumatlara görə, 5 nəfər yanğının qurbanı olub, 15 nəfər isə müxtəlif bədən xəsarəti alıb. Hadisə yerinə FHN-nin 435 xilasedici və 100-dən çox texnika, həmçinin vertolyotlar cəlb olunub.



Mənbə
ANS PRESS