Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti BMT-nin üçüncü Dünya Konfransında iştirak edib
Bakı, 18 mart,
AZƏRTAC
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri Raqim Lətifov və Orucəli Hacıyev martın 14-18-də BMT-nin təşkilatçılığı ilə Yaponiyanın Sendai şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında iştirak ediblər.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskinin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edilməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olub.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanın Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşüb və əlaqədar sahələr üzrə ixtisaslaşmış şirkətlərdə olub.