Ölkə

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb

Metbuat.az

Bakı, 17 mart,

AZƏRTAC

Azərbaycan əhalisinin gəlirlərində artım dinamikası və dövlət yardımlarının təyinatında ünvanlılıq və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrinin sayı azalmaqda davam edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən

AZƏRTAC

-a bildiriblər ki, cari ilin fevral ayında respublikada 109 min 124 ailə (475 min 936 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə, 36 min 380 ailə, yəni 25 faiz azdır.


Ünvanlı yardım alanların sayının azalması digər tərəfdən aztəminatlı ailələrə ünvanlanan yardımların məbləğinin artması ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımın orta aylıq məbləği hər ailə və hər ailə üzvü üçün 12,1 faiz artmaqla müvafiq olaraq 141,8 manat və 32,35 manat təşkil edib. Ünvanlı dövlət sosial yardımı alan ailələrin 31287-si tərkibində 3 və daha çox uşağı olan ailələrdir. Yardımla təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 225 min 637 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5 min 433 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 6 min 148 nəfər təşkil edir.


Hazırda Azərbaycan Prezidentinin “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı əsasında ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması istiqamətində işlər aparılır.


Bu işlərin nəticəsi olaraq vətəndaşlar ünvanlı dövlət sosial yardımları üçün fərdi kommunikasiya vasitələrindən (kompyuterlərdən, mobil telefonlardan və s.) və ya xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə e-müraciət imkanlarına malik olacaq və yardımların təyinatı prosesi elektron əsaslar üzərində aparılacaq.