İqtisadiyyat

Azərbaycan “Uralvaqonzavod”dan vaqon və sisternlər alacaq

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri Nijni Tagildə “Uralvaqonzavod”da (UVZ) olublar. Onlar burada UVZ korporasiyasının baş direktoru Oleq Siyenko ilə görüşüblər.

AZƏRTAC

“İ-mash.ru”ya istinadla xəbər verir ki, görüş 2015-ci ilin martında imzalanmış müqavilənin icrası çərçivəsində baş tutub. Sənədə görə, korporasiya Azərbaycan Dəmir Yolları üçün müxtəlif yük vaqonları modelləri göndərməlidir.


Müqavilə imzalandığı vaxtdan UVZ mütəxəssisləri tərəfindən ilk 600 vaqon və 300 sistern üçün nömrələr alınıb. 12-132 modelli yarımvaqonların və 15-150-04 modelli sisternlərin ilk partiyası hazırlanıb və iki həftə sonra Azərbaycana gətiriləcək. Yaxın günlərdə qatarın qalan hissələri üçün nömrələr - cəmi 7 növ məhsul alınacaq. Oleq Siyenko vurğulayıb ki, “sifariş yerinə yetiriləndən sonra UVZ Azərbaycan Dəmir Yollarına qatar parkının genişləndirilməsinə dair proqram təklif etməyə hazırdır.


UVZ-nin baş direktoru vaqonyığma sexlərinə ekskursiyada azərbaycanlı tərəfdaşları özü müşayiət edib. Gəmiçilik ənənələrinə görə, Oleq Siyenko və Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Elton Məmmədov göndərilmək üçün hazır olan vaqonların birinə şampan şüşəsi çırpıblar. Elton Məmmədov dəstəyə və müqavilənin şərtlərini qısa müddət yerinə yetirdiklərinə görə əmək kollektivinə və bütövlükdə korporasiyaya təşəkkür edərək deyib: “ Əsas məsələ budur ki, belə əməkdaşlıq Rusiya və Azərbaycan arasında mehriban münasibətlərin və tənzimlənmiş əlaqələrin olduğunu göstərir. “Uralvaqonzavod”un məhsulları böyük maraq doğurur. Bizim üçün əhəmiyyətlisi budur ki, istehsal prosesində innovasiyalı texnologiyalardan istifadə olunub. Biz UVQ ilə dostluq və kontrakt münasibətlərimizi bundan sonra da möhkəmləndirməyə hazırıq”.