Azərbaycan alimlərinin yeni ixtirasına Avrasiya patenti verilib
Bakı, 5 mart,
AZƏRTACAzərbaycan Texniki Universitetinin (AzTU) maşın hissələri kafedrasında ilk dəfə texniki xassələrinə görə fərqlənən yeni konstruksiyalı reduktor ixtira edilib.
Universitetdən
AZƏRTAC-a bildiriblər ki, həmin kafedranın müdiri, texnika elmləri doktoru, professor Ayaz Abdullayevin sözlərinə görə, mancanaq dəzgahlarında istifadə edilən, faydalı iş əmsalı yüksək olan, istehsalına az metal sərf edilən belə reduktorlar müxtəlif maşın və aqreqatlarda da tətbiq edilə bilər.
Qeyd olunub ki, təklif olunan reduktorlar paket şəklində yığıldığına görə ona şərti olaraq “Paket reduktoru” adı verilib. Alimlərin yeni ixtirası bir sıra beynəlxalq konfranslarda qəbul edilib. Bu qurğu elektrik enerjisi sərfinə də xeyli qənaət etmək imkanı yaradır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tövsiyəsi ilə “Bakı fəhləsi” maşınqayırma zavodunda yeni konstruksiyalı reduktorun ilk nümunələri hazırlanıb, sınaqdan keçirilib, müsbət nəticələr əldə edilib.
Yüksək texniki parametrlərə malik yeni qurğunun ölkəmizin neft sənayesində və digər müəssisələrdə tətbiqi Azərbaycan iqtisadiyyatına külli miqdarda iqtisadi səmərə verə bilər.