Dünya

Avstraliyalı pilotların təyyarənin kabinəsində tək qalması qadağan edildi

Metbuat.az

Bakı, 30 mart,

AZƏRTAC

Alp dağlarında Germanwings təyyarəsi ilə bağlı faciə bütün dünyada aviasiya qaydalarında qlobal dəyişikliklərə səbəb olub. Aviasiya kompaniyaları tədricən öz ekipajlarına kabinədə pilotu heç bir halda tək qoymağı qadağan etməyə başlayıb.


AZƏRTAC

Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sərnişin təyyarələrinin pilotlarına kabinədə tək qalmağa qoyulan qadağa martın 30-dan etibarən Avstraliyada da qüvvəyə minir. Bu gün ölkənin Baş nazirinin müavini Uorren Trass müvafiq bəyanatla çıxış edəcək.


Bir qədər əvvəl analoji qadağalar Avropanın bir çox aviasiya kompaniyalarında da tətbiq edilməyə başlayıb. Bundan sonra pilotlardan biri kabinədən çıxmağa məcbur olarsa, o zaman ekipaj üzvlərindən biri, məsələn, stüardessa onun yerinə keçməlidir. Qeyd edək ki, Rusiya və ABŞ kimi bəzi ölkələrdə pilotu kabinədə tək qoymağa yönələn qadağa əvvəldən də qüvvədə olub.


Bundan başqa, A320 təyyarəsini bilərəkdən qayalara çırpan intiharçı-pilot Andreas Lubitsin psixi problemlərini aviakompaniyadan gizlətdiyi məlum olduqdan sonra Almaniyada həkimlərə pasientin xəstəliyi barədə sirləri aviakompaniyalara və Federal Mülki Aviasiya idarəsinə ötürmək icazəsi verilməsi barədə təkliflər də səsləndirilir.