Artur Rasi-zadə Azərbaycanın iqtisadi durumunu dəyərləndirdi
“Son illərdə ölkənin apardığı ardıcıl uğurlu iqtisadi siyasət hesabat ilində də davam edib. Hesabat ilində qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilib, ÜDM artımına nail olunub, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması təmin edilib”.
Trend
-in məlumatına görə, bu barədə Azərbaycanın baş naziri
Artur Rasi-zadəMilli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Baş nazir qeyd edib ki, 2014-cü ildə dayanıqlı ictimai-siyasi sabitlik və əvvəlki illərdə qurulan iqtisadi stabillik qorunub: “Dünyada iqtisadi inkişafın zəifləməsinə və maliyyə bazarlarında qeyri-müəyyən vəziyyətə baxmayaraq, 2014-cü ildə Azərbaycanda ÜDM 2,8% artaraq 59 mlrd. manat təşkil edib. Əhalinin hər nəfərinə düşən əlavə dəyər 6300 manata çatıb. Hesabat ilində əsas kapitala 17,6 mlrd. manat vəsait yatırılıb. Yatırılan investisiyanın 66%-i qeyri-neft sektorunun payına düşüb”.
A.Rasi-zadə qeyd edib ki, ötən il inflyasiya 1,4% səviyyəsində saxlanılıb. Dövlət büdcəsinin gəlirləri artıb və büdcədə nəzərdə tutulan xərclərin yerinə yetirilməsində problem olmayıb: “Hesabat ilində manatın sabitliyi qorunub. Ölkənin valyuta ehtiyatları 51,3 mlrd. dolları keçib. Ölkənin ümumi sosial-iqtisadi inkişafı aztəminatlı təbəqənin maddi vəziyyətinin yaxşılaşdırılmasına şərait yaradıb. Məhz bunun nəticəsidir ki, ötən il ünvanlı sosial yardım alanların sayında 33,7% azalma qeydə alınıb. Bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği isə 149 manata qədər artırılıb”.
Baş nazir əlavə edib ki, hesabat ilində ölkədə yeni müəssisələrin sayı 16% artaraq 9000-i ötüb: “Ölkədə sahibkarlıq subyektlərinin sayı 386 mindən çox olub. Bölgələrdən daxilolmaların həcmində 9% artım qeydə alınıb”.
Milli.Az