Ölkə

Ağdamlılar Novruzun gəlişini böyük ruh yüksəkliyi ilə qeyd ediblər

Metbuat.az

Ağdam, 20 mart,

AZƏRTAC

Xalqımızın milli bayramı olan Novruz cəbhə bölgəsində yerləşən Ağdam rayonunda el şənliyi kimi geniş qeyd olunub.


AZƏRTAC

xəbər verir ki, bayram mərasimi Quzanlı qəsəbəsindəki Olimpiya idman kompleksinin stadionunda keçirilib. Bayram şənliyinə gələn Dədə Qorqud və Bahar qızı ağdamlıları Novruz bayramı münasibətilə təbrik edib. Rayon gəncləri tonqalın ətrafında dövrə vurub yallı gedib, Kosanın və Keçəlin məzhəkələri, idmançıların, milli paltar geymiş atlıların çıxışları tamaşaçıların marağına səbəb olub. Müxtəlif milli oyunlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları, qədim məişət əşyaları, milli mətbəx nümunələri və şirniyyatlar, adət və ənənələrimiz, folklorumuz nümayiş etdirilib.


Bayram şənliyində çıxış edən rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədov ağdamlıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb.


Bayramsayağı bəzədilmiş stadionda “Şur” ansamblının, məktəblilərin və bədii özfəaliyyət kollektivlərinin təqdim etdikləri rəngarəng ədəbi-bədii musiqili proqramlar tamaşaçılara xoş ovqat bəxş edib.