31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib
Bakı, 31 mart, Tərgül Ağayeva,
AZƏRTACMartın 31-də Azərbaycan Texniki Universitetində (AzTU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma mərasimi keçirilib.
AZƏRTAC
xəbər verir ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AzTU-nun rektoru, professor Havar Məmmədov bildirib ki, 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlar, vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb. 1918-ci il martın 30-dan aprelin 2-dək “Daşnaksutyun” Erməni İnqilabı Federasiyasının silahlı birləşmələri bolşeviklərin dəstəyi ilə Bakıda və onun ətraflarında minlərlə dinc azərbaycanlını xüsusi amansızlıqla qətlə yetirib.
Erməni millətçilərinin əsrlər boyu türklərə qarşı soyqırımı siyasəti həyata keçirdiyini vurğulayan H.Məmmədov 31 mart hadisələrinin dünyada ən qanlı soyqırımı kimi tanınmasının vacibliyini qeyd edib.
Rektor vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il “31 mart Azərbaycanlıların Soyqırımı haqqında” Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.